Xəbərlər

“İdeyadan biznesə” layihəsi çərçivəsində məktəblilərin ideyaları qiymətləndirilib

Bakı, 16 may, AZƏRTAC
 
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Yüksək Texnologiyalar Parkı tərəfindən “İdeyadan biznesə” layihəsi çərçivəsində Bakı şəhəri T.Həsənov adına 23 nömrəli tam orta məktəbin şagirdləri üçün məlumatlandırıcı təlim və startap müsabiqəsi keçirilib. 
 
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, 17 may - Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunmuş təlim çərçivəsində məktəblilərə “İdeyadan biznesə” layihəsi barədə ətraflı məlumat verilib. Bildirilib ki, orta məktəb şagirdləri də innovativ ideyalarını asanlıqla reallaşdıra bilərlər. Bunun üçün onlara startap komandalarının formalaşması, layihə təqdimatının düzgün hazırlanması, investorlara layihənin satışı yolları, bazarın araşdırılması kimi məsələlərlə bağlı təlim keçirilib. Təlimçi qismində Yüksək Texnologiyalar Parkının və  “AİESEC Azerbaijan”ın mütəxəssisləri çıxış edib. 
 
Daha sonra uğurlu startap layihələrinin müəllifləri öz uğur hekayələrini şagirdlərlə bölüşüblər. “İdeyadan biznesə” startap turunun Mingəçevir üzrə qalibi “OxyGenerator” layihəsinin rəhbəri Rəhman Cəfərli və “Leap Motion” layihəsi ilə uğur qazanmış Kamran Qurbanlı öz layihələri barədə ətraflı məlumat veriblər. 
 
Tədbir çərçivəsində keçirilən interaktiv hissədən sonra ideyası olan məktəblilər arasında müsabiqə keçirilib. Startap layihələrin təqdimatından sonra münsiflər tərəfindən layihələr qiymətləndirilib, rəy və təkliflər verilib. 
 
Beləliklə, müsabiqədə I, II və III yerlərin qalibləri məlum olub.
 
Birinci yerə “Silver Technology”, ikinci yerə “23 School Corporation”, üçüncü yerə isə “Algasoft” layiq görülüb. 
 
Tədbirin yekununda qaliblər mükafatlandırılıb.