Xəbərlər

Fransada yaşayan balaca soydaşlarımız ana dillərini öyrənirlər

28.03.2014. Qərbi Avropanın bir çox ölkələrində olduğu kimi, Fransada da həftəsonu məktəb fəaliyyət göstərir. Parisdəki “Azərbaycan evi”nin təşkilatçılığı və ölkəmizin Fransadakı səfirliyinin dəstəyi ilə yaradılan məktəbdə bu ölkədə doğulan və yaşayan balaca soyadaşlarımıza ana dili öyrədilir. “Azərbaycan evi”nin fəal   üzvlərindən Mehri Quliyeva və Jalə Babayeva  onlara Azərbaycan dilinin incəliklərini  tədris edirlər. 
 
Mehri Quliyeva  AzərTAc-a verdiyi müsahibəsində bu haqda danışaraq deyir: Fransada doğulan və burada yaşayan kiçik yaşlı azərbaycanlıların valideynlərinin xahişi ilə həftəsonu məktəb  2013-cü ilin  yanvar ayından   açılıb.
 
Azərbaycanın  Mədəniyyət Mərkəzinin iki otağından sinif kimi istifadə edirik. Dərslər  hər həftənin şənbə günləri keçirilir. Məktəbə  20 uşaq cəlb olunub. Yaş fərqlərinə görə onlar iki qrupa bölünüblər. 5-7 yaşlı uşaqlardan ibarət qrupla mən, 7-12 yaşından olan uşaqlarla isə həmkarım Jalə Babayeva məşğul oluruq. 
 
Uşaqlara əsasən Azərbaycan dilini tədris edirik. Mən kiçik yaşlı uşaqlara  ilk vaxtlar  doğma vətənimiz Azərbaycan haqqında şerlər və mahnılar , kiçik hekayələr və nağıllar öyrədirəm. Onlara Azərbaycan əlifbası da öyrədilir.
 
Əlbəttə, bu uşaqların Fransada doğulduqlarını nəzərə alaraq  çox sadə şer və mahnılar seçirik. Mübaliğəsiz demək olar ki, uşaqlar dərslərə böyük həvəs və maraq göstərirlər. Onların arasında elələri var ki, hələ doğma vətəndə olmayıblar. Buna baxmayaraq  Azərbaycanla çox maraqlanır və ölkəmizə dair çoxlu suallar verirlər. 
 
Bir qədər böyük uşaqlara Azərbaycan dilinin qrammatikası və ədəbiyyatı tədris olunur.  Sevindirici haldır ki, uşaqlar məktəbə böyük maraq  göstərir, tapşırıqları həvəslə yerinə yetirirlər.  Biz də öz növbəmizdə balaca soydaşlarımıza doğma vətənimiz barədə ətrafı məlumat verməyə çalışırıq.