Şeirlər

Cabir Novruz. “Vətən əbədi qoruqdur”

Vətəni sevmək azdır,
Onu qorumaq gərək.
Vətənim demək azdır,
Vətənin olmaq gərək.

 

Onun adi torpağı,
Ruhdan, candan irəli
O, anandan qabaqdır,
O, atandan irəli.

 

Sərhədləri qız təki
Toxunulmaz, bakirə.
Hələ övlad deyil ki,
Hər doğulan sakini.

 

Övlad gərək vətənə,
Vətəndir yol, deyirlər
Ona qurban gedənə
Əsl oğul deyirlər.

 

Sevməyirsə el səni,
Yox dərdinin çarəsi.
Onun dili, lisanı,
Ən basılmaz qalası.

 

Onun əvəzi olmur,
O hər kəsdən irəli.
Gözdən əzizi olmur,
Vətən gözdən irəli.

 

Adi quşcuğazın da
Ola Vətəni gərək.
Vətəni sevmək azdır,
O sevə səni gərək.

 

Nə vaxt viran olur o,
Zülmət gəzir üzündə:
Cığırını, yolunu
Yad çəkmələr əzəndə.

 

O nə zaman bölünər,
Nə vaxt çıxar əlindən?
Ləhcəsinə, dilinə
Yad ləhcələr girəndə.

 

O keçməz əldən-ələ,
O əbədi diləkdir.
Qara tikanı belə
Yenə Vətən deməkdir.

 

Fərqi yoxdur azca da;
Ya kiçik yalı getdi,
Ya bir quru ağacı,
Ya bir mahalı getdi.

 

O daimi namus, ar,
O əbədi qoruqdur.
Ürkək quş kimi uçar,
Onu əldən buraxdın.

 

Bilir ərlər, ərənlər,
Vətənə tay olmayır,
Ömürdən pay verərlər,
Vətəndən pay olmayır.