Xəbərlər

Azərbaycan məktəbliləri Ukraynada keçirilən festivalda uğur qazanıblar

Təhsil Nazirliyi 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin üzvləri Ukraynanın paytaxtı Kiyev şəhərində keçirilən “Dnepr yamaclarında mətbuat-yazı” adlı XV Beynəlxalq Uşaq-Gənclər Jurnalistika Festivalında iştirak ediblər.

 

Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, səkkiz ölkədən 150-dək iştirakçının qatıldığı festivalda Azərbaycanı mərkəzin iki nəfər dərnək üzvü və rəhbər heyəti təmsil edib.

 

Festivaldan əvvəl Ukrayna Respublikasının kütləvi informasiya vasitələrinin də iştirak etdiyi mətbuat konfransı keçirilib. Konfransda 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Əminə Musayeva çıxış edərək Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti, milli adət-ənənələri və, eyni zamanda, mərkəzin fəaliyyəti haqqında məlumat verib.

 

Festivalın açılış mərasimində təmsilçilərimiz “Sarı gəlin” rəqsini təqdim ediblər. Mərkəzin dərnək üzvü Kövsər İbrahimovanın “Dünyanı yaxşılığa doğru dəyişək” layihəsi münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilərək xüsusi mükafata layiq görülüb.

 

Sonra uşaqlar intellektual oyunlardan ibarət yarışmada iştirak ediblər. Yarışda festivalın kubokunu və laureat adını qazanan komandamız Ukrayna Təhsil və Elm Nazirliyi tərəfindən xüsusi diplomlarla təltif olunub.