Odlar Yurdu

Xudafərin körpüləri

Təxminən səkkiz-doqquz yüz il əvvəl tikildiyi güman edilən Xudafərin körpüləri Araz çayının şimal və cənub sahillərini birləşdirirdi. Bu körpülər Azərbaycanın  Cəbrayıl rayonunun ərazisindədir. Vaxtı ilə İpək yolunun üzərində yerləşən körpülərdən biri on beş, digəri on bir aşırımlıdır.
 
Ecazkar memarlıq nümunələri olan hər iki körpü orta əsr Azərbaycan inşaatçılarının yüksək sənətkarlığından xəbər verir. On beş aşırımlı körpüdə milli Azərbaycan memarlığında geniş yayılmış qarışıq hörgü – kərpic və daş hörgü üsulundan məharətlə istifadə olunub. Dayaqları təbii özüllər — qayalar üzərində ucaldıldığından Xudafərin körpüləri tarixin tufanlarına uzun müddət tab gətirə bilib. 
 
Bişmiş kərpicdən və çay daşından tikilən on beş aşırımlı körpünün uzunluğu 200 metrə yaxın, eni 4,5 metr, çay səviyyəsindən hündürlüyü 12 metrdir və XII əsrin abidəsi sayılır. Bundan təxminən 750 metr aralıda tikilmiş ikinci Xudafərin körpüsü isə on bir aşırımlıdır. Bütünlüklə daşdan tikilmiş və yaxşı yonulmuş iri daş lövhələrlə üzlənmiş bu körpünün XIII əsrdə, Elxanilər dövründə inşa olunduğu güman edilir. Vaxtı ilə uzunluğu 130 metrə yaxın, eni 6 metr, çay səviyyəsindən hündürlüyü 12 metr olan on bir aşırımlı körpüdən dövrümüzə salamat qalmış yalnız üç aşırımı gəlib çatıb.
 
Xudafərin körpüləri nələrin şahidi olmayıb? Orta əsrlər feodal müharibələrinin, Ağa Məhəmməd şah Qacarın Azərbaycana yürüşünün, Rusiya-İran müharibələrinin, sovet rejimi repressiyalarının,  XX əsrin sonlarında Cəbrayılın Ermənistan tərəfindən işğalının və 2020-ci ilin oktyabrında Cəbrayılın işğaldan azad olunmasının...
 
Deyilənə görə, 1930-cu illərədək nisbətən salamat qalmış ikinci  körpü ilə o taya-bu taya gedib gəlmək olurmuş. Həmin illərdə Azərbaycanın şimalı və cənubu arasında əlaqələri kəsmək üçün İran və SSRİ-nin birgə qərarı ilə körpünün sahil tağları  dağıdılır. Həmin vaxtdan yerli əhali körpüyə ikinci bir ad – Sınıq körpü adını verir.
 
Tarixi mövzulara bir sıra əsərlərin müəllifi olan yazıçı Fərman Kərimzadənin “Xudafərin körpüsü” adlı romanı var.