Görkəmli şəxsiyyətlər

Qaraqoyunlu hökmdarı - Qara Yusif

Qara Yusif Qaraqoyunlu tayfa birliyinin 3-cü başçısı (1389—1420), Qaraqoyunlu tayfasından olan 2-ci sultan (1413—1420) və Qaraqoyunlu dövlətinin yaradıcısıdır.


Qaraqoyunlu və Ağqoyunlu adlanan oğuz mənşəli tayfa birləşmələri XIII əsrdən etibarən Anadoluda yanmköçəri həyat sürüblər. Qaraqoyunluların mərkəzi vilayəti Van gölünün şimalındakı Ərciş, Ağqoyunluların cəmləşdiyi bölgə isə Diyarbəkir idi. Hər iki tayfa birləşməsi "türkman" adlanan eyni etnik qrupa mənsub olub.

 

Qaraqoyunluları və Ağqoyunluları təşkil edən tayfa və boyların bu əraziyə Orta Asiyadan gəlməsini Səlcuqların Yaxın Şərqə köçməsi ilə bağlayırlar. Tarixi mənbələrə əsaslanaraq demək olar ki, Qara Yusif böyük Teymurilər dövlətinə qarşı döyüşdə qalib olub.


Qara Yusif ilə Əbubəkr ilk dəfə 1406-cı il oktyabrın 14-də Naxçıvanın qərbində, Araz çayının sahilində döyüşüblər. Qaraqoyunluların həmləsinə davam gətirməyən Teymurilər qaçmağa məcbur olub. Qara Yusif döyüş meydanından Naxçıvana gəlib. O burada olarkən Təbrizin adlı-sanlı rəislərindən olan Xacə Seyid Məhəmməd Keçəçi Qara Yusifin hüzuruna gəlib, şəhərin Əbubəkr tərəfindən qarət olunduğunu söyləyib və onu Təbrizə gəlməyə təşviq edib. Qara Yusif isə müvəqqəti olaraq şəhəri mühafizə etmək üçün darğa göndərib və Sultaniyyəyə yürüş edib. Əbubəkr şəhəri tərk edərək Reyə qaçıb. Xorasan hakimi olan qardaşı Şahruxdan yardım alan Əbubəkr Azərbaycanı ələ keçirmək üçün yeni təşəbbüs edib. Bundan xəbər tutan Qara Yusif Təbriz ətrafında yerləşən Şənbi-Qazana gəlib. 1408-ci il aprelin 21-də Təbrizin cənubundakı Sərdrud adlı yerdə 20 minlik Qaraqoyunlu qoşunu Teymuriləri darmadağın edib. Teymur Ləngin oğlu Miranşah öldürülüb, Əbubəkr isə qaçmağa müvəffəq olub.


Qara Yusifin Əbubəkr üzərində ikinci qələbəsinin mühüm tarixi əhəmiyyəti var. Bundan sonra Azərbaycanda Teymurilərin ağalığına son qoyuldu, Teymurilər imperiyasının böyük bir hissəsi metropoliyadan ayrılmış və bu ərazidə Azərbaycan Qaraqoyunlu dövləti (1410-1467) yaranmışdı. Bu qələbədən sonra 1409-cu il payızın başlanğıcında Qara Yusif Təbrizə daxil olub, Şəki hakimi Seyid Əhmədə qarşı qoşun göndərib. Lakin Qaraqoyunlu sərkərdələri döyüşə yaxşı hazırlaşmış Şəki hakiminin hərbi qüvvələrinə hücuma cəsarət etməmiş və Şirvanın bəzi yerlərini qarətlə kifayətlənərək geri qayıtmışdılar. Qara Yusif öz siyasi məqsəd və fəaliyyətini Cənubi Azərbaycanla məhdudlaşdırmırdı. Şəki və Şirvana göndərilmiş Qaraqoyunlu qoşun dəstələrinin fəaliyyəti buna sübutdur.

 


Sonrakı dövrlərdə Qara Yusifın ölümü Qaraqoyunlu ordugahında böyük qarışıqlığa və hərc-mərcliyə səbəb oldu. Qara Yusif Ərcişədə ata-babalarının yanında dəfn edilib.