Mədəni irsimiz

Naxçıvan muzeyləri

Muzeylər milli mədəniyyət nümunələrinin qorunduğu məkandır.


Naxçıvan Muxtar Respublikasını muzeylər diyarı da adlandırmaq olar. Burada 23 muzey, 1 muzeytipli müəssisə olan Naxçıvan Dövlət Rəsm Qalereyası fəaliyyət göstərir. Muzeylərdə, ümumilikdə, əsas fond əşyalarının sayı 107776-dır.


Heydər Əliyev Muzeyi   


Heydər Əliyev Muzeyi 1999-cu ildə yaradılıb. Muzeydə ümummilli lider Heydər Əliyevin uşaqlıq və gənclik illərinə həsr olunmuş stendlər, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrə aid (1991-1993) şəxsi  sənəd və materiallar, məktub, qərar və sərəncamlar, Türkiyə Cümhuriyyəti və İran İslam  Respublikası ilə əməkdaşlıq sahəsində imzaladığı müqavilələrin surətləri, Azərbaycan Respublikasının müxtəlif bölgələrində yaşayan vətəndaşların müraciətləri toplanıb. Burada ulu öndər Heydər Əliyevə məxsus şəxsi əşyalar da saxlanılır. Ümumilikdə, muzeydə 4629 eksponat var.
Muzeyin kitabxanasında ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən qəzet, jurnal, albom və kitablar, videomateriallar toplanıb.

 

Naxçıvan Dövlət Tarix Muzeyi       

 

Muzey 1924-cü ildə tarix-etnoqrafiya muzeyi kimi yaradılıb. Sonrakı illərdə Tarix-Ölkəşünaslıq Muzeyi adlandırılıb, 1968-ci ildən Naxçıvan Dövlət Tarix Muzeyi adlanır.


Naxçıvanın zəngin, qədim tarixi  ilə bağlı 48 mindən çox eksponat  Naxçıvan Dövlət Tarix Muzeyində qorunub saxlanılır.


Ekspozisiya əsasən 4 – qədim, orta əsrlər, müasir dövr və yeni dövrü  əhatə edir. Muzey 10 şöbədən ibarətdir. Burada müxtəlif çeşidli əmək alətləri,  Paleolit və Neolit dövrlərinin əşyaları, dən daşları, obsidiandan lövhələr, daş çəkiclər, sümük bizlər, Naxçıvan Muxtar Respublikası ərazisində aşkar olunan mis və gümüş pullar, orta əsrlərin məşhur memarlarından olmuş Əcəmi Əbubəkr oğlu Naxçıvaninin inşa etdiyi möhtəşəm Möminə xatun, Yusif Küseyir oğlu türbələrinə və başqa memarlıq abidələrinə dair şəkilli materiallar, dekorativ tətbiqi sənətə aid xalçaçılıq, zərgərlik, misgərlik, dulusçuluq və nəqqaşlıq nümunələri, xalq ustalarının gözəl əl işləri sərgilənir.


Naxçıvan Dövlət Xalça Muzeyi 

 

Muzey 1998-ci ildə yaradılıb. 20 mart 2010-cu ildən yeni binada fəaliyyətə başlayıb. Muzeyin fondunda 3537 maddi-mədəniyyət nümunəsi var. Onlardan 331-i xalçadır. Ekspozisiyada 283 eksponat nümayiş etdirilir. Muzeydəki eksponatlar müxtəlif xalçaçılıq məktəbləri üzrə qruplaşdırılıb. Burada xovlu xalçalar, məfrəş, palaz, cecim, kilim, sumax, keçə, həsir, süjetli və digər xalça növləri var. Muzeydə Təbriz-Naxçıvan qrupuna aid 124 ədəd xalça saxlanılır. Muzeyin ekspozisiyasında bədii tikmə və parça nümunələri, vərni toxunuşlu ox çantaları, xurcunlar, örkən, heybə, səccadə, yun darağı, taxta həvələr, kirgitlər, dəmir həvələr, ilmə bıçağı və digər eksponatlar da nümayiş etdirilir.

 


Açıq Səma Altında Muzey 

 

Muzey 2002-ci ildə yaradılıb. Naxçıvan şəhərindəki Əcəmi Seyrəngahında yerləşir. 450 eksponatı var. Burada Naxçıvan Muxtar Respublikasının ərazisindən tapılan müxtəlif dövrlərə aid maddi-mədəniyyət nümunələri – daşdan düzəldilmiş qoç heykəlləri, daş kitabələr, müxtəlif daş fiqurlar, qəbirüstü sənduqələr və s. mühafizə və nümayiş olunur.

 

 

 

 

Hüseyn Cavidin Ev Muzeyi


Muzey 1981-ci ildə romantik Azərbaycan ədəbiyyatının banisi Hüseyn Cavidin doğulduğu Əlixan məhəlləsindəki evdə təşkil olunub. Fondunda 8456 eksponat toplanıb. Onların arasında Hüseyn Cavidin həyat və yaradıcılığını əks etdirən fotoşəkillər, əsərlərinin ilk nəşrləri, üzərində şairin avtoqrafı olan əsərləri, tamaşaya qoyulmuş dram əsərlərinin afişa və  proqramları, müxtəlif xatirə və ev əşyaları və s. saxlanılır. 

 

 

 

Cəmşid Naxçıvanskinin Ev Muzeyi

 

Muzey 1981-ci ildə Kəngərli  xanları nəslinin nümayəndəsi, Azərbaycan Atıcı Diviziyasının komandiri general Cəmşid Naxçıvanskinin anadan olmasının 85 illiyi ilə əlaqədar onun yaşadığı evdə yaradılıb. Muzeydə C.Naxçıvanskinin həyat və fəaliyyətini əks etdirən fotoşəkillər, orden və medallar, müxtəlif sənədlər, kitablar, məktub və əlyazmalar, şəxsi və ev əşyaları və s., ümumilikdə 3208 eksponat nümayiş etdirilir. 


Bunların arasında C.Naxçıvanskiyə, Azərbaycan Atıcı Diviziyasının tarixinə, keçdiyi döyüş yoluna həsr olunmuş məqalələr, kitablar xüsusi yer tutur.


 

Xatirə Muzeyi


Xatirə Muzeyi ermənilər tərəfindən törədilən soyqırımı qurbanlarının, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş naxçıvanlıların xatirəsini əbədiləşdirmək məqsədilə 2000-ci ildə yaradılıb. Muzeydə soyqırımı faktları, şəhidlərin fotoşəkilləri, ermənilərə qarşı döyüş fəaliyyətlərini əhatə edən materiallar, eyni zamanda Milli və Sovet İttifaqı qəhrəmanlarının fotoşəkilləri, şəxsi əşyaları və  onlara aid olan digər materiallardan ibarət 1849 eksponat mühafizə və nümayiş etdirilir.


 

 

Bəhruz Kəngərli Muzeyi


Azərbaycan rəssamlıq sənətinin görkəmli nümayəndələrindən biri, təsviri sənətimizdə realist dəzgah boyakarlığının banisi Bəhruz Kəngərlinin xatirəsini əbədiləşdirmək məqsədilə 2002-ci ildə Naxçıvan şəhərində Bəhruz Kəngərli Muzeyi yaradılıb. Burada  411 eksponat qorunub saxlanılır və nümayiş etdirilir ki, bunların da 56-sı rəssamın əsərlərinin orijinalı, qalanları isə əsərlərinin fotosurətlərindən, habelə ailəsi, həyat və fəaliyyəti ilə bağlı sənədlərdən, məişət əşyalarından və digər materiallardan ibarətdir.


Xəstəliyi ilə əlaqədar qısa ömür sürmüş və cəmi 7 il yaradıcılıq fəaliyyəti ilə məşğul olmaq imkanı qazanmış Bəhruz Kəngərli 2000-ə qədər rəsm əsəri yaradıb.