Xəbərlər

Beynəlxalq Uşaq Diplomatiyası layihəsi çərçivəsində Dünya Xalqlarının Mədəniyyəti Festivalı keçirilib

Bakı, 13 iyun, AZƏRTAC

 

İyunun 12-də Beynəlxalq Muğam Mərkəzində Beynəlxalq Uşaq Diplomatiyası layihəsi çərçivəsində Dünya Xalqlarının Mədəniyyəti Festivalı keçirilib.

 

Festivalda Bakı Avropa Liseyi, 6, 23, 132-134 nömrəli məktəblərin 1-5-ci sinif şagirdləri iştirak ediblər.

 

Tədbirdə dünyanın 28 ölkəsinin mədəniyyət və ənənələri, uşaqların özləri tərəfindən hazırlanmış və həmin ölkələrin maddi irsini əks etdirən artefaktların ekpozisiyası, milli geyimlərinin təqdimatı keçirilib, həmçinin kiçik səhnəciklər, rəqs nömrələri və ölkələr haqqında videoçarxlar təqdim olunub.

 

Beynəlxalq Uşaq Diplomatiyası layihəsi ( Worldwide Diplomacy) 2014-cü ildən etibarən ADA Universitetinin dəstəyi ilə Bakı Avropa Liseyi tərəfindən həyata keçirilir.

 

Layihənin əsas məqsədi yeni, açıq, humanist, pozitiv düşüncəli nəsil yetişdirmək, uşaqları xalqların çoxşaxəli etnik və mədəni ənənələri ilə tanış etməkdir.

 

2017-ci ildə bu layihənin əsasında Beynəlxalq Uşaq Diplomatiya Mərkəzi təşkil edilmiş və bu işə Bakının müxtəlif məktəbləri də cəlb edilmişdir.

 

Dörd  illik fəaliyyəti zamanı dünyanın 14 ölkəsindən uşaqlar Beynəlxalq Uşaq Diplomatiyası layihəsinin (WWD) iştirakçısı olmuş, 2 konfrans və müxtəlif tədbirlər həyata keçirilmişdir. Yaponiyaya səfər baş tutmuş, uşaqlar üçün xüsusi treninqlər keçirilmişdir.