Xəbərlər

Muxtar respublikada keçirilən inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb

15 İyun – Milli Qurtuluş Günü münasibətilə muxtar respublikanın ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri və Heydər Əliyev adına Hərbi Liseyin kursantları arasında keçirilən inşa yazı müsabiqəsinin qalibləri məlum olub.

 

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, “Heydər Əliyev ideyalarında Qurtuluşa gedən yol” mövzusunda təşkil edilən müsabiqənin qaliblərinin mükafatlandırma mərasimi Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində keçirilib.

 

Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu ilə birgə təşkil olunan tədbirdə muxtar respublikanın təhsil naziri Məmməd Qəribov qalibləri təbrik edib. Nazir bildirib ki, belə müsabiqələrin keçirilməsi Ulu Öndərimizə ümumxalq məhəbbətinin bariz nümunəsidir. İnşa yazı müsabiqəsi intellekt yarışı olmaqla yanaşı, həm də ictimai məzmun daşıyır. Çünki Naxçıvan məktəbliləri dahi şəxsiyyətin zəngin siyasi irsini, ideyalarını mənimsəməklə vətənpərvərlik dərsi öyrənirlər.

 

Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun icraçı direktoru Anar Babayev deyib ki, əsası Ümummilli Liderimiz tərəfindən qoyulan gənclər siyasəti bu gün uğurla həyata keçirilir, gənclərin milli ruhda tərbiyəsi diqqət mərkəzində saxlanılır. Onların ictimai-siyasi, iqtisadi və mədəni həyatda fəal iştirakı, sosial problemlərinin həlli, gənclər siyasətinin bütün istiqamətləri üzrə müvafiq dövlət proqramlarının qəbul olunması, gənc istedadlara dövlət qayğısının artırılması diqqət mərkəzində saxlanılır. Gənclərin elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə irəli çəkilməsi və xidmətlərinin qiymətləndirilməsi, bütövlükdə, muxtar respublikada bu istiqamətdə həyata keçirilən tədbirlərin əsasını təşkil edir.

 

Sonra inşa yazı müsabiqəsinin qalibləri diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıb.