Mədəni irsimiz

Bəstəkar Müslüm Maqomayev

Müslüm Maqomayevin mədəniyyət tariximizdə bəstəkar, dirijor, ictimai xadim kimi özünəməxsus yeri var. O, 1885-ci il sentyabrın 18-də Qroznıda dəmirçi Məhəmmədin ailəsində dünyaya göz açmışdı. Ailədə musiqiyə olan sonsuz maraq onun bəstəkar kimi formalaşmasında böyük rol oynamışdı. Müslüm Qroznıda, sonra isə Tiflisdəki Qori müəllimlər seminariyasında təhsil almışdı. Burada gələcəyin dahi bəstəkarı Üzeyir Hacıbəyli ilə tanış olmuş və bu tanışlıq sonradan qohumluğa çevrilmişdi. Onların hər ikisi Terequlova bacılarına evlənmişdi.

 

Müslüm seminariyada skripkada, qaboyda çalmağı öyrənir, bəzən məktəbin orkestrində dirijoru əvəz edirdi...  

 

Şimali Qafqazda, Lənkəranda müəllimlik edən gənc Müslüm Üzeyir bəyin məsləhəti ilə Bakıya gəlir. Dostunun yaratdığı teatr truppasının rəhbəri olur. “Leyli və Məcnun”, “Əsli və Kərəm”, “Şeyx Sənan” operalarına, “O, olmasın, bu olsun”, “Arşın mal alan” musiqili komediyalarına dirijorluq edir.

 

Müslüm Maqomayevin ilk iri həcmli musiqi əsəri 1916-cı ildə yazdığı “Şah İsmayıl” operasıdır. O zaman bəstəkarın ağlına belə gətirməzdi ki, əsərdəki Aslan şahın ariyasını çox illər sonra üzünü görmədiyi nəvəsi – dünya şöhrətli müğənni Müslüm Maqomayev ifa edəcək.

 

“Şah İsmayıl” milli operamızı Avropa operasının texniki cəhətdən inkişaf etmiş formaları ilə əlaqələndirmək baxımından ilk təşəbbüs idi. Bu əsərdə bəstəkar operaya xas ariya, duet, çoxsəsli xor kimi əsas elementlərlə yanaşı, milli folklor nümunələrindən də bacarıqla istifadə edib. İlk tamaşası 1919-cu il martın 7-də nümayiş olunan opera indiyədək təqribən 400 dəfə oynanılıb.

 

Müslüm Maqomayevin yaradıcılıq irsinə “Nərgiz” operası, “Azərbaycan çöllərində”, “Azad olunmuş Azərbaycan qadınının rəqsi”, “Dərviş”, “Şəlalə”, radio marşı kimi simfonik əsərləri, “Ceyranı”, “Turacı”, “Çeçen rəqsi” oyun havaları, “Bahar”, “Bizim kənd”, “Mazut ordusu” mahnıları daxildir.

 

O, Cəlil Məmmədquluzadənin “Ölülər”, Cəfər Cabbarlının “1905-ci ildə” tamaşalarına musiqi bəstələyib. Üzeyir Hacıbəyli ilə birgə “Azərbaycan türk el nəğmələri” məcmuəsini tərtib edib, 300-dən artıq Azərbaycan xalq mahnı və rəqs havalarını nota alıb.

 

Bakı radiosunun musiqi rəhbəri təyin edilmiş Müslüm Maqomayev efirdə ən yaxşı əsərlərin səsləndirilməsinə çalışır, bəstəkarlara yeni mahnılar və əsərlər sifariş edirdi. Onun təşəbbüsü ilə radioda “Çahargah gecəsi” adlı muğam konserti təşkil olunmuşdu. Həmin dövrdə Azərbaycan radiosu öz efirini Müslüm Maqomayevin radio marşı ilə açırdı.

 

Müslüm Maqomayev uzun sürən xəstəlikdən sonra 1937-ci il iyulun 28-də Nalçikdə vəfat edib. Bakıda Fəxri xiyabanda dəfn olunub.  Azərbaycan Dövlət Filarmoniyası onun adını daşıyır.