Görkəmli şəxsiyyətlər

Salvador Dalinin sürrealizmi: Gələcəkdən xəbər, yoxsa məntiqsizlik

XX əsr avanqard cərəyanlarının ən sonuncusu olan sürrealizm fransız dilində "realizmdən üstün" mənasını verir. Bu cərəyan Avstriya psixiatrı Ziqmund Freydin nəzəriyyəsi, irrasionalizm (duyğuları idrakın əsas özəlliyi kimi qəbul edən fəlsəfi təlim) və alogizmə (məntiqsizlik, idrakı inkar edən düşüncə tərzi) söykənir. Adıçəkilən cərəyan ötən əsrin 20-ci illərində Fransada ədəbiyyatçılar arasında yaranıb. Ədəbiyyatda Luis Araqon, Pol Elüar və başqaları bu cərəyanın ilk nümayəndələri sayılırlar. 


Sürrealistlər instinktləri, xəstə əhvalları, sayıqlama, qarabasma və yuxuları bədii yaradıcılığın başlıca qaynağı və estetik prinsipi sayırdılar. Sürrealizmə əcaiblik, gerçəkliyə uyuşmayan məntiqsiz düşüncə tərzi daha xarakterikdir. 


Sürrealizm Amerika incəsənətinin, mədəniyyətinin inkişafında ayrıca rol oynayıb. Sürrealizmin ən tanınmış nümayəndələrindən olan ispan rəssamı Salvador Dali eyni zamanda heykəltəraş, rejissor kimi də dünya incəsənət tarixində iz qoyub. O, 1904-cü ildə İspaniyanın Fiqeras şəhərində doğulub, rəssamlığa marağı uşaq yaşlarından yaranıb. 1916-cı ildə o, ilk dəfə modernist incəsənətlə tanış olur və bu onun gələcək yaradıcılığına təsir edib. 1919-cu ildə Dalinin ilk fərdi sərgisi keçirilib. 


1921-ci ildə o, Madriddəki San-Fernando İncəsənət Akademiyasında oxumağa başlayıb. Burada ispan incəsənətinin bir çox nümayəndələri ilə yaxından tanış olub. Bu dövrdə kubizm və dadaizm cərəyanlarına da meyl göstərir. 1926-cı ildə müəllimlərə qarşı saymaz davranışına görə akademiyadan xaric edilib. Elə həmin il Parisdə Pikasso ilə tanış olur. 1929-cu ildə o, A.Breton tərəfindən təşkil olunmuş sürrealistlər dəstəsinə qoşulur. 


1940-cı ildə Dali həyat yoldaşı Qala ilə birlikdə ABŞ-a köçür və 1948-ci ilədək orada yaşayırlar. 1949-cu ildə vətənə qayıdır, Kataloniyada məskunlaşır.


Dalinin rəsm əsərləri hələ sağlığında sənət bilicilərinin diqqət mərkəzində olub. O bütün əsərlərində sürrealizmin prinsiplərinə sadiq olub. Onun əsərləri ən hazırlıqlı tamaşaçı üçün də bir müəmmadır. Rəssam nə demək istəyir? — hamı bunu bilməyə can atır və heç nə öyrənə bilmir, yəni hansısa məntiqi sonuca varmaq olmur. 


Hələ də bəziləri bu düşüncədədirlər ki, Dali əsərlərində gələcək haqqında hansısa bilgilər qoyub. Ehtimal edilir ki, orada gələcək haqqında önəmli, bəşərin yönünü dəyişəcək fikirlər yer alıb. Əslində bu, Dali haqqında yaradılan mifdir. Bu baxımdan Dalinin əsərlərində gələcəyi axtarmağın özü məntiqsizlikdir. Ona görə ki, onun əsərlərində ilk baxışdan insanı cəlb edən sirli müəmma açılmaq əvəzinə, daha da anlaşılmazlığa dirənir. Tamaşaçı idrak sonuca vara bilmir, çünki məntiq qırılır. Rəssam bizi inandırır və aldadır. Bu isə illüziyadır. Bu baxımdan məntiqsizlik onun əsərlərinin başlıca “məntiq”idir. Rəssamın diqqətçəkən bədii üsullarından biri illüziyalardan uğurla istifadə etməsidir. 


Dali 1500-dən çox rəsm əsəri çəkib. Eləcə də o, onlarla heykəl, daş üzərində müxtəlif səpkili əsərlər yaradıb, kitab illüstrasiyaları, teatr dekorları və kostyumların yaradıcısı olub. 1981-ci ildə rəssamın mərkəzi sinir sistemində problemlər yaranır, o, Parkinson xəstəliyinə tutulur. 10 iyun 1982-ci ildə həyat yoldaşı Qala vəfat edir. 1984-cü ildə Dalinin yataq otağında yanğın baş verir. Deyilənə görə, o, intihara cəhd edibmiş. Xidmətçiləri onu xilas edə bilirlər. Dali ömrünün qalan hissəsini öz adını daşıyan teatr muzeyində yaşayır. 1988-ci ildə infarkt keçirir, 23 yanvar 1989-cu ildə ürək çatışmazlığından dünyasını dəyişir.