Təbiət

Dünyanın ən qeyri-adi və maraqlı heyvanları

Yarpağabənzər dəniz əjdahası - Bu canlı dəniz atının qohumlarından hesab edilir. Avstraliyanın cənub və qərb sahillərinin sakit sularında yaşayır. Onun başı və bədən üzvləri ağac yarpağını xatırladır və bunun sayəsində də özünü maskalayaraq gizlədə bilir. Üzmək üçün qarın və quyruq hissəsində yerləşən üzgəclərdən yararlanır. Onun üzgəcləri tamamilə şəffafdır. 45 santimetrə qədər böyüyə bilir. Yarpağabənzər dəniz əjdahası Cənubi Avstraliyanın simvolu və rəsmi emblemi sayılır.

 


Malay ayısı və yaxud biruanq - Ayı ailəsinə məxsus bu məməli Hindistanın şimal-şərqində, Hind-Çin yarımadasında və Malakkadan İndoneziyaya kimi olan ərazidə yaşayır. Bu heyvanın girdə və enli sifəti onu çox güclü göstərir. Onun böyük pəncələrini əyri və uzun dırnaqları tamamlayır. Kürkünün tükləri qısa, sərt və düzdür. Qara rəngdədir, amma sifəti sarıya çalır. Sinəsində doğan günəş rəngini göstərən at nalına bənzər böyük ləkə var. Gecə həyat tərzi keçirir, bütün günü yatır və ya ağacda özünə düzəltdiyi yuvada günəş vannası qəbul edir. Ayı ailəsinin ən balaca nümayəndələrindən sayılır: uzunluğu 1,5 metrdən böyük olmur, boyu 50-70 santimetr, çəkisi 27-65 kiloqramdır. Biruanqlar ayıların nadir növlərindən hesab edilir.

 

 

Komandor - Macarıstan çoban itidir. Çox maraqlı it cinsidir. Onun tüklərinə xüsusi qulluq lazımdır və bəzən uzunluğu bir metrə çatır. Bu it cinsi “macar itlərinin kralı” adlandırılır və dünyanın ən böyük itlərindəndir. Hündürlüyü 80 santimetrdir. Ayaqqabı bağına bənzər uzun ağ tükləri isə onu bir qədər də böyük göstərir. Onun yemlənməsi də rahatdır və digər itlərdən fərqli olaraq az qida ilə kifayətlənir – gün ərzində 1 kiloqram.

 

 


Anqor dovşanı - Gəmiricilərin bu məməli növü çox təsiredici görüntüyə malikdir və tüklərinin uzunluğu 80 santimetrə çatır. Anqor dovşanının xəzi çox qiymətlidir. Bir dovşan il ərzində 0,5 kiloqram xəz verə bilir. Dovşanın çəkisi 5 kiloqram, uzunluğu 61, eni isə 38 santimetr olur. Bu dovşanların hər həftə qırxılması lazımdır, əks halda çox eybəcər görünürlər.

 

 


Balaca panda - Bu heyvan yenot ailəsinə daxildir. Yayılma ərazisi Çin, Şimali Birma, Butan, Nepal və şimali-şərqi Hindistandır. Mülayim iqlim qurşağında dəniz səviyyəsindən 2000-4000 metr yüksəklikdə dağ bambuk meşələrində yaşayır. Bu heyvanın bədəninin yuxarı hissəsi qızılı, aşağı hissəsi tünd qəhvəyi və ya qara olur. Kürəyindəki tüklər isə sarıdır. Pəncələri qara, quyruğu qızılı, qulağının kənarı ağ rəngə çalır. Bu heyvan da gecə həyat tərzi keçirir. O, ağacdakı çevik hərəkətlərinə baxmayaraq, yerdə çox ləng davranır. Qidalanması da yerdəki kiçik yarpaqlı bitkilər və bambuk yarpaqlarıdır. Bədəninin uzunluğu 51-64, quyruğunun 28-48 santimetr, çəkisi 3-4,5 kiloqramdır. Balaca panda tək yaşayır. Erkəklərin şəxsi ərazilər 2,5 kvadratmetr, dişilərinki isə bundan iki dəfə artıq olur.