Xəbərlər

Bakı məktəblisi ikinci Robot Olimpiadasının qalibi olub

Bakı, 28 iyun, AZƏRTAC  


Paytaxt məktəblisi məktəblilərarası ikinci Robot Olimpiadasının qalibi olub.


Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki (BŞTİ) 287 nömrəli “Zəkalar” liseyinin XI sinif şagirdi İlknur Mustafazadə olimpiadanın “Drone Racing” kateqoriyası üzrə yarışa qatılıb.


BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, İ.Mustafazadə dronun mükəmməl idarəolunması üzrə 20-dən çox məktəb şagirdi ilə bərabər qalibiyyət uğrunda mübarizə apararaq üçüncü yerə layiq görülüb.
Məktəbli diplom, sertifikat, medal və hədiyyələrlə mükafatlandırılıb.


Dörd kateqoriyadan ibarət yarşın keçirilməsinin əsas məqsədi məktəblilər arasında robototexnika sahəsinə marağı artırmaq, robot texnologiyalarından sərbəst istifadə bacarığını formalaşdırmaq və Azərbaycanda İKT sahəsi üzrə peşəkar kadrların hazırlanmasına şərait yaratmaqdır.


Qeyd edək ki, bu, İ.Mustafazadənin ilk uğuru deyil. Belə ki, məktəbli ötən il ev əşyalarını (işıq, kondisioner, jalüz, telefon və s.) avtomatik idarə etmək üçün nəzərdə tutulan “Smart home” qurğusunu da hazırlayıb. Məktəbli, həmçinin altı qanadlı dron layihəsinin üzərində çalışır.