Xəbərlər

Respublika fənn müsabiqələrinin final mərhələsində paytaxt üzrə doqquz yüz şagird iştirak edib

Bakı, 2 iyul, AZƏRTAC  


Bakı şəhəri üzrə ümumtəhsil məktəblərinin VI-VII sinif şagirdləri arasında IV Respublika fənn müsabiqələrinin final mərhələsi keçirilib. 


Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildiriblər ki, final mərhələsinə paytaxt üzrə 900 nəfər qatılıb. Onlardan 362-si riyaziyyat, 97-si kimya, 223-ü fizika, 132-si biologiya, 86 nəfəri isə informatika fənni üzrə müsabiqədə iştirak edib. Şagirdlər 25-i seçdikləri fənn üzrə (fizika, kimya, biologiya, riyaziyyat və informatika fənlərindən), 15-i isə məntiqə aid suallar olmaqla, ümumilikdə 40 test tapşırığını yerinə yetiriblər.


Fənn müsabiqələrinin finalı üç mərkəzdə təşkil edilib. Müsabiqədə VI sinif şagirdləri riyaziyyat fənni, VII sinif şagirdləri digər fənlər üzrə biliklərini nümayiş etdiriblər. IV Respublika fənn müsabiqələrinin ilk mərhələsində şagirdlər məntiqi təfəkkürü yoxlamaq məqsədilə tərtib olunan sualları cavablandırıblar.


Fənn müsabiqələrinin keçirilməsinin əsas məqsədi istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması, onlarla məqsədyönlü işlərin aparılması və olimpiadalara hazırlıq mərkəzlərinə cəlb olunacaq şagirdlərin müəyyən edilməsidir.