Xəbərlər

Uşaq və yeniyetmələrin “Azgüntex” günəş panelləri zavoduna səfəri təşkil edilib

Uşaq və yeniyetmələrin “Azgüntex” günəş panelləri zavoduna səfəri təşkil olunub.


Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyindən (ABOEMDA) AZƏRTAC-a bildirilib ki, ötən günlərdə ABOEMDA və “Engineering for Kids” Azərbaycan şirkətinin təşkilati dəstəyi ilə uşaqlar üçün maraqlı və maarifləndirici ekskursiya təşkil edilib. Ekskursiya çərçivəsində uşaqların “Azgüntex” günəş panelləri zavoduna növbəti səfəri baş tutub.


Ekskursiyada 7-14 yaş arası uşaq və yeniyetmələr iştirak edib. “Azgüntex” MMC-nin mütəxəsssisləri təməli Prezident İlham Əliyev tərəfindən qoyulan Günəş Modulları Zavodunun 2012-ci ildən etibarən günəş panelləri istehsal etdiyi barədə məlumat veriblər. 


Avropa ölkələrinin aparıcı şirkətlərinin ən müasir texnologiyaları əsasında yaradılmış zavodun 30 mVt gücündə günəş panelləri istehsal etmək potensialına malik olması ilə yanaşı, avtomatlaşdırılmış texnologiyalar vasitəsilə istehsal olunan günəş modullarının üstünlüyü və  möhkəmliyi ilə bağlı məlumatlandırılan uşaqlar keçirilən ekskursiyanı maraqla qarşılayıblar.