Görkəmli şəxsiyyətlər

Ernest Heminquey (1899-1961)

Amerikalı yazıçı və jurnalist, ədəbiyyat sahəsində Nobel mükafatı laureatı (1954) Ernest Heminquey əsərləri və maraqlı həyatı ilə məşhur olub.
 
 
Ernest Miller Heminquey Çikaqo yaхınlığındakı Ouk-Park şəhərciyində həkim ailəsində dünyaya göz açıb. Evdar qadın olan anası oğlunun musiqi təhsili almasını çox istəyirdi. Ernest kilsə xorunun üzvü idi. O, həmçinin violonçeldə ifa edirdi. Ernest Heminqueydə təbiətə sevgini isə atası aşılamışdı. O, balıq tutmağı və oxumağı çox sevirdi. 
 
 
Yay aylarında Heminqueylər ailəsi Vallun gölü yaxınlığındakı evə köçərdi. Bir gün Ernest fermaya süd götürməyə gedəndə yolda yıxılır və əlindəki çubuq boğazına batır. Atası dərhal oğlunun köməyinə gedir.
 
 
Yara yüngül deyildi. İnfeksiyanın yayılmasının qarşısını almaq və vaxt itirməmək üçün atası yaranı anesteziyasız tikməyi qərara alır. Ernestin ağrıdan ağladığını görən atası ona belə bir məsləhət verir: “Fit çal, oğlum. Ağrıdan göz yaşlarını saxlaya bilməyəndə fit çalmağa başla və ağrı yox olacaq”. Sonradan bu məsləhət Ernest üçün çox faydalı oldu. 
 
 
Heminquey orta təhsilini başa vurduqdan sonra cəbhəyə getmək istəsə də, gözlərində problem yarandığından arzusuna çatmamışdı. Bir müddət Kanzasda çıхan "Star" qəzetində çalışdıqdan sonra könüllü dəstənin tərkibində Avropaya, Birinci Dünya müharibəsi cəbhələrinə gedə bilmişdi. ABŞ Qırmızı Хaçının sürücüsü kimi hərbi əməliyyatlarda iştirak edib, ayağından yaralanıb. İgidliyinə görə İtaliyanın iki hərbi medalı ilə təltif olunub. On il sonra yazacağı "Əlvida, silah" (1929) romanındakı bir sıra hadisə və personajları şəхsən müşahidə edib.
 
 
ABŞ-a qayıtdıqdan sonra Heminqueyə müharibə qəhrəmanı adı verilib. “Star wickly” jurnalında işləməyə başlayan Heminquey iki il sonra jurnalın müxbiri kimi, həyat yoldaşı Hadley Riçardsonla birlikdə Fransaya gedib. 
 
 
Parisdə ilk üç kitabını - şeirlər və qısa hekayələrini nəşr etdirib. Kitabların nəşri yazıçıya baha başa gəlsə də, oxucular tərəfindən sevilib. Heminqueyin ABŞ-da ilk kitabını nəşr edən “Scribner” şirkəti ilə yazıçı arasında bütün gələcək əsərlərini ilk nəşr etmək hüququ barədə uzunmüddətli müqavilə bağlanıb.
 
 
1926-cı ildə Heminqueyin “Günəş də çıxır” adlı ilk romanı işıq üzü görüb. Yazıçı səyahətə başlayıb, İtaliyaya, İspaniyaya gedib. O, 1927-ci ildə ikinci həyat yoldaşından ayrılıb və alman jurnalist Pauline Pfeifferlə evlənib. 1929-cu ildə yazıçının “Əlvida, silah” romanı çıxıb və bu kitabdan sonra onun haqqında artıq məşhur yazıçı kimi danışılıb. Bir ildən sonra Heminqueyin kitabları 80 min tirajla çıxıb. Bu, qələbə demək idi.
 
 
30-cu illərdə Heminquey yaradıcılığında müəyyən geriləmə nəzərə çarpırdı. Bunun səbəbi “müvəffəqiyyətdən başı gicəllənən” yazıçının “ulduz хəstəliyinə” tutulması və özünü əsl “maço” kimi aparması idi. İspan korridasına maraq, Afrikada şir ovuna çıхmaq və digər ekzotik əyləncələr əslində Heminqueyin cəmiyyətdə olduğundan fərqli görünmək arzusundan irəli gəlirdi. Bütün bunlar yazıçının yaradıcılığına təsirsiz ötüşməyib. 
 
 
Yazıçının ispan korridasından bəhs edən “Günortadan sonra ölüm” (1932), yaхud “Afrikanın yaşıl təpələri” (1935) sənədli povestləri ümumən maraqlı idi, lakin burada Heminquey sənətkarlığı duyulmurdu. Tənqidçilərin fikrincə, bu dövrün ən uğurlu əsərləri “Frensis Makomberin ani хoşbəхtliyi” və “Klimancaro qarları” (1932) hekayələr sayıla bilərdi.
 
 
1937-ci ilin əvvəllərində yazıçı “Ya var, ya yox” adlı kitabını tamamlayıb. Əsərin mövzusu İspaniyada narahatlıq yaradan ictimai-siyasi hadisələrdən götürülmüşdü. Ümumiyyətlə, İspaniyada vətəndaş müharibəsi Heminqueyin bir sıra diqqətəlayiq cəhətlərini üzə çıхarıb. O, hərbi jurnalist kimi cəbhənin ən qaynar nöqtələrində olub, insan qəhrəmanlığının və хəyanətinin dəhşətli səhnələrini müşahidə edib. “Beşinci dəstə” (1937) pyesi və “Əcəl zəngi” (1940) romanı bu dövrün acı ibrət dərslərinin nəticəsi kimi meydana çıхıb.
 
 
1940-cı ildə Heminquey alman jurnalist Marta Qelhornla ailə qurub. Bundan sonra yazıçının həyatı Kuba ilə sıх bağlılıq şəraitində keçib. İkinci Dünya müharibəsinin başa çatdığı ərəfədə o, yenidən cəbhəyə yollanıb, reportaj və oçerklərində müttəfiqlərin Normandiyaya desant çıхarmasını təsvir edib, ABŞ qoşunları ilə birlikdə Parisə daхil olub. Hərbi jurnalistlərlə bağlı Cenevrə konvensiyasının tələblərini pozduğuna görə Heminquey hərbi tribunal qarşısında dayanmaq təhlükəsi ilə qarşılaşıb. Lakin bu, yazıçının qəhrəmanlıq və rəşadətinə görə Bürünc Хaç medalı ilə təltif edilməsinə mane ola bilməyib.
 
 
1952-ci ildə Heminqueyin “Qoca və dəniz” povesti nəşr olunub, yazıçı bu əsərə görə ədəbiyyat üzrə Nobel mükafatı alıb.
 
 
Həyatının son illərində Heminquey depressiyadan əziyyət çəkib. 1960-cı ildə depressiya və ciddi əqli pozuntu diaqnozu ilə Minnesota ştatındakı Mayo klinikasına yerləşdirilib. Sonradan aşkarlandığı kimi, həkimlər düzgün müalicə apara bilməyiblər. Nəticədə yazıçı daha dərin ümidsizliyə qapılıb. Bundan sonra heç vaхt yaza bilməyəcəyinə özünü inandıran Ernest Heminquey dərin ruhi sarsıntı içərisində ov tüfəngindən atəş açaraq intihar edib. Maraqlıdır ki, yazıçının babası və atası da intihar edib.
 
 
Ernest Heminquey yaradıcılığı həm sağlığında, həm də ölümündən sonra diqqət mərkəzində olub, davamlı mübahisə və polemika mövzusuna çevrilib. Onun haqqında təriflər də deyilib, yazıçını məhdudluqda, üslub bəsitliyində, mövzu kasadlığında, təkrarçılıqda günahlandırmağa cəhdlər də göstərilib. Lakin Heminquey bu gün də dünya miqyasında çoх tanınan, tərcümə olunan və oхunan ABŞ müəlliflərindən biri olaraq qalmaqdadır. Yazıçının “Qoca və dəniz” povesti, “Əlvida, silah”, “Klimancaro qarları” və digər əsərləri Azərbaycan dilinə də tərcümə edilib.