Bu maraqlıdır!

Nəhəng kuklalar teatrı “Royal de Luxe”

1979-cu ildə  Fransanın Nant şəhərində  "Royal de Luxe" adlı qeyri-adi bir teatr quruldu. O vaxtdan bəri bu teatr qrupu bütün dünyanı gəzir. Aktyorlar isə insan deyil. Onlar maraqlı küçə səhnəcikləri təqdim edən 15 metr hündürlüyündəki nəhəng mexaniki kuklalardır.

 

Böyük miqyaslı şouların arenası Belçika, İngiltərə, Fransa, Almaniya, Çili, İslandiya, Avstraliya, Meksika kimi ölkələrin böyük şəhərləridir. Teatr qrupunun tamaşaları tam əhvalatı əhatə etdiyi üçün bir neçə gün davam edir. Məsələn, “Sultanın filləri” tamaşası zamanda səyahət edən bir qızın hekayəsindən bəhs edir. Tamaşada nəhəng mexaniki fillər iştirak edir. 

 

“Dəniz odisseyi” tamaşasında eyni anda meydana 3 nəhəng kukla- 9 metr hündürlüyündəki “balaca” qız, onun 15 metr hündürlüyündəki əmisi və it çıxır. Şəhərin parklarında, küçələrində bu cür tamaşalara rast gəlinmədiyi üçün “Royal de Luxe” teatr qrupunun tamaşaları hər zaman maraqla qarşılanır və ətrafına böyük izləyici kütləsi yığır. 

 

Kuklalar mexanika, hidravlik sistem və kuklaların hərəkətini tənzimləyən ipləri idarə edən insanların köməyi ilə hərəkətə gətirilir. Yaxşı nəticə əldə etmək üçün bir kuklanı eyni anda 25-30 nəfər insan idarə etməlidir. Beləliklə, kuklalar insan kimi hərəkət etməyə başlayır. Kuklaların orta sürəti saatda 2-2,5 km-dir.