Görkəmli şəxsiyyətlər

Mixail Bulqakovun həyat və yaradıcılığı

XIX əsrin sonu mürəkkəb və ziddiyyətli hadisələrlə müşayiət olunan dövr idi. Tanınmış rus yazıçılarından biri, rejissor, dramaturq, ssenari və libretto müəllifi Mixail Bulqakov (1891-1940) belə bir dövrdə dünyaya gəlib.   
 
Uşaqlıq illəri
 
Mixail Bulqakov 1891-ci il mayın 15-də Kiyev şəhərində anadan olub. Atası Afanasi İvanoviç Bulqakov Kiyev Ruhani Akademiyasının professoru idi. Anası Varvara Mixaylovna Bulqakova (Pokrovskaya) yeddi övlad böyütmüşdü: Mixail, Vera, Nadejda, Varvara, Nikolay, İvan və Yelena.
 
Mixailin yazdığı pyeslər evdə tez-tez oynanılırdı. O, uşaq vaxtından tamaşaları, vodevilləri, eksperiment səhnələri sevirdi.
 
Bulqakovların evi yaradıcı ziyalıların sevimli görüş yeri idi. Valideynlər tez-tez məşhur dostlarını evə dəvət edirdilər. Mixail böyüklərin söhbətlərini dinləməyi çox sevər və həvəslə onlara qoşulardı. Bütün bunlar gələcək yazıçının dünyagörüşünə təsirsiz ötməyib. 
 
 
Gənclik dövrü
 
Mixail Bulqakov Kiyev şəhərində 1 nömrəli gimnaziyada təhsil alıb. 1901-ci ildə gimnaziyanı bitirdikdən sonra Kiyev Universitetinin tibb fakültəsinə qəbul olunub. Gələcək yazıçının maddi durumu peşə seçiminə təsir edib. Atasının ölümündən sonra böyük ailəni saxlamaq məsuliyyəti M.Bulqakovun üzərinə düşüb. O, 1916-cı ildə tibb fakültəsini əla qiymətlərlə bitirib.
 
Birinci Dünya müharibəsi dövründə M.Bulqakov əvvəlcə səhra həkimi işləyib, sonralar Nikolskoye kəndində (Smolensk quberniyası) həkim olub. Bu dövrdə yazdığı bir sıra hekayələr sonralar “Gənc həkimin qeydləri” silsiləsinə daxil edilib.  
 
 
Yaradıcılığı
 
XX əsrin 20-ci illərinin əvvəlində M.Bulqakov inqilabla bağlı əsərlərə üstünlük verib, əsasən pyeslər yazıb. 1921-ci ildən Moskvada yaşayıb, müxtəlif qəzet və jurnal redaksiyalarında işləyib. Mətbuatda felyetonlarla yanaşı, povestlərinin ayrı-ayrı fəsillərini dərc etdirib.
 
M.Bulqakov Rusiya proletar yazıçıları assosiasiyasının üzvü olsa da, onun bədii dünyası birliyin ideologiyasının təsiri altında olmayıb. O, ağların hərəkatından rəğbətlə yazıb, ziyalıların faciəli taleyini qələmə alıb. Yazıçının əsərlərində qaldırdığı problemlər geniş və əhatəli idi. 
 
Onun 1925-ci ildə qələmə aldığı “Turbinlər ailəsinin günləri” pyesi Moskva Bədii Akademik Teatrının səhnəsində böyük uğur qazanıb. Vətəndaş müharibəsi haqqında yazdığı “Qaçış” pyesinin tamaşaya qoyulmasına icazə verilməyib. M.Bulqakov mətndə "ideoloji cəhətdən düzəliş" aparmaqdan imtina edib. 1928-1929-cu illərdə onun “Zoykanın mənzili”, “Turbinlər ailəsinin günləri”, “Tünd qırmızı ada” tamaşaları teatrların repertuarından çıxarılıb. 
 
1929-cu ildə yazıçı “Master və Marqarita” romanı üzərində işləməyə başlayıb. Bir il sonra əlyazmanın ilk redaktəsi ərsəyə gəlib. 
 
Dini mövzular, sovet reallıqlarının tənqidi – bütün bunlar M.Bulqakovun əsərlərinin mətbuatda dərc edilməsinə əngəl yaradırdı. Yazıçı hətta ölkəni tərk etmək qərarına gəlmişdi. Bu barədə hökumətə yazdığı məktubda o, ya ölkədən çıxmaq, ya da sakit işləmək üçün icazə istəyib. Beləliklə, növbəti altı il ərzində Mixail Bulqakov Moskva İncəsənət Teatrında rejissor assistenti işləyib. 
 
Yazıçının “Fəlakətli yumurtalar” (1924) povestində sürünənlərin yeni növünü yetişdirən alimin fantastik hekayəsindən bəhs edilir. Bu məxluqlar ara vermədən çoxalır və tezliklə bütün şəhəri bürüyür... Digər məşhur əsəri “İt ürəyi” povestidir (1925). Maraqlıdır ki, bu əsər SSRİ-də rəsmi olaraq 1987-ci ildə nəşr edilib. İlk baxışda süjet satirik səciyyə daşıyır: professor itə insan hipofizini yerləşdirir və Şarik insana çevrilir. Lakin o, həqiqi insandırmı? Kimsə bu süjetdə gələcək repressiyaları görür.
 
 
"Master və Marqarita"
 
Mixail Bulqakovun şah əsəri "Master və Marqarita" romanıdır. O, əsər üzərində 12 il işləyib, bir çox dəyişikliklər edib və nəhayət, roman mükəmməl kompozisiya vəhdətinə malik olub. Mixail Bulqakov, təəssüf ki, öz işini başa çatdıra bilməyib, ölüm ona əsərə son dəyişiklikləri əlavə etməyə imkan verməyib. O, əsərini bəşəriyyətə, özündən sonrakı nəsillərə müraciət kimi dəyərləndirib. M.Bulqakov bu əsərlə insanlara nəyi çatdırmaq istəyirdi? 
 
Roman XX əsrin 30-cu illərində Moskva həyatını hərtərəfli göstərir. Master sevgilisi Marqarita ilə birlikdə Ponti Pilat haqqında roman yazır. Əsərin nəşrinə icazə verilmir, müəllifi isə haqsız tənqid edirlər. Məyus olan qəhrəman romanını yandırır, psixiatrik xəstəxanaya düşür və Marqarita tək qalır. Bununla paralel olaraq, iblis Voland öz əyanları ilə birlikdə Moskvaya gəlir. Onlar şəhərdə qarışıqlıq yaradırlar. Marqarita Masteri qaytarmaq üçün yollar axtarır, hətta ölülərin balında iştirak etməyə razılıq verir. Marqaritanın Masterə sevgisinə və sadiqliyinə heyrət edən Voland ona sevgilisini qaytarmaq qərarına gəlir. Marqaritanın məhəbbəti qalib gəlir. 
 
Əsər Bulqakovun ölümündən sonra nəşr edilib. 
 
“Master və Marqarita” romanının sonuncu əsəri olacağını sanki hiss edən yazıçı onun hər səhifəsinə tükənməz fantaziyasını, başlıca fikir və ideyalarını hopdurmağa çalışıb. Əsas məna daşıyıcısı mif olan və “roman içində roman” prinsipinin gözlənildiyi bu əsərdə mifik (əslində din tarixindən götürülmüş hadisə) süjet müasir dövr fəsilləri ilə paralel inkişaf edir. “Master və Marqarita”da simvolik obrazlardan olan fırtına motivi bütünlüklə romanı əhatə edir və getdikcə artaraq qarşıdakı dünya fəlakətindən xəbər verir.
 
Yazıçının tamamlaya bilmədiyi “Teatr romanı” və “İvan Vasilyeviç” pyesi də onun ölümündən sonra nəşr edilib.  
 
Mixail Bulqakov 1940-cı il martın 10-da Moskvada vəfat edib.