Görkəmli şəxsiyyətlər

Çingiz Aytmatov (1928-2008)

Qırğızıstanın Xalq Yazıçısı, çoxsaylı mükafatlar laureatı Çingiz Aytmatov Qırğızıstanın Şəkər kəndində anadan olub. O, əvvəlcə kənd məktəbində, sonra rayon mərkəzindəki məktəbdə təhsil alıb. İkinci Dünya müharibəsi dövründə -1943-cü ilin yayında adamların çoxunun cəbhəyə getməsi nəticəsində kənddə kişilərin sayı azalanda 15 yaşlı Çingiz Şəkər Kənd Sovetinin katibi təyin edilib. Sonralar o, Cambulda zoobaytarlıq texnikumunda, habelə Qırğızıstan Kənd Təsərrüfatı İnstitutunda təhsil alıb, 1953-cü ildə oranı bitirib. 

 

Ali təhsil almış Çingiz Aytmatov Qırğızıstan SSR-in Maldarlıq Elmi-Tədqiqat İnstitutunda işləyib. O, 1952-ci ildə yerli qəzetlərdə dərc edilən bir neçə hekayəsi ilə ədəbi mühitə qədəm qoyub. Qırğız yazıçılarının əsərlərini rus dilinə tərcümə edib, Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunda təhsil alıb.
 
 
1958-ci ilin avqust ayında “Yeni dünya” (“Novıy mir”) jurnalında Çingiz Aytmatovun “Cəmilə” povesti dərc edilib. Povest Avropada dərc ediləndə Qərb oxucuları bu əsərdə insan xarakterində həssaslığın bədii boyalarla ustalıqla verilməsinin şahidi olublar. “Cəmilə” romanı ədəbi ictimaiyyət və oxucular arasında geniş əks-səda yaradıb, “dünyanın ən gözəl eşq hekayəsi” adlandırılıb.
 
 
Sonralar Çingiz Aytmatov qırğız mövzusunu daha dərindən mənimsəyib. “Qırmızı yaylıqlı qovağım mənim”, “Köşək gözü” əsərlərini də məharətlə işləyib, obrazların daxili aləminə nüfuz etməyi bacarıb. 1963-cü ildə yazdığı “Ana tarla” povestində şərtilik və həyati reallıq üzvi şəkildə birləşib. Həmin il yazıçının “İlk müəllim” povesti də nəşr olunub. Lakin bütün bu əsərlər müəllifin böyük nəsrinin proloqu idi.
 
 
Çingiz Aytmatovun qəhrəmanları mənəvi cəhətdən güclü, mərhəmətli və aktiv insanlar idi. Buna görə yazıçını psixoloji portret ustası da adlandırırdılar.
 
 
“Ağ gəmi” (1970), “Dəniz kənarıyla qaçan Alabaş” (1977), “Gün var əsrə bərabər” (1980) romanlarında yazıçı dövrün kəskin fəlsəfi, etik və sosial problemlərinə toxunub.
 
  
Ötən əsrin 80-ci illərinin əvvəlində yazdığı “Ölüm kötüyü” əsəri İnsan və Təbiət münasibətlərindən, həyatın mənasından, dinin insanları yaxşılığa doğru dəyişməsindən, müasir dövrün bəlası olan narkomaniya və digər məsələlərdən bəhs edir.
 
 
Əsərlərində dövrün mənəvi-əxlaqi problemlərini əhatə edən Çingiz Aytmatov adi bir həyat hadisəsini qlobal səviyyəyə qaldırmağı, ona yüksək fikir zirvəsindən baxmağı bacarıb. Təsvir etdiyi hadisələrin fəlsəfəsini, mahiyyətini görüb və göstərib. Buna görə də onun əsərləri təkcə öz ölkəsində deyil, bütün dünyada maraqla qarşılanıb.