Xəbərlər

23 yanvar-“Əl yazısı” günüdür

Dövrümüzdə kompüterlərin, elektron poçtların, elektron bloknotların, SMS-lərin və digər sürətli ünsiyyət vasitələrinin ildən-ilə populyarlıq qazanması müasir insanı öz fikirlərini əli ilə yazaraq ifadə etməkdən uzaqlaşdırır. Bəlkə də, yaxın gələcəkdə əl ilə yazılmış məktub və ya açıqca arzu olunan hədiyyə olacaq.

 

 
Hər il yanvarın 23-ü Xətt Günü və ya daha gözəl deyimlə, Əl Yazısı Günü (National Handwriting Day) qeyd olunur. Bu günün qeyd olunmasında əsas məqsəd insanlara əl yazısının unikallığını, hər bir insanın əl yazısının özünəməxsusluğunu, əl ilə yazı yazmağın vacibliyini xatırlatmaqdır. Bu bayramın qeyd olunması ABŞ-ın WIMA təşkilatı tərəfindən təklif olunub. WIMA ABŞ-ın yazı ləvazimatları istehsalçılarının assosiasiyasıdır. Təşkilatın məqsədi əl yazısının dəyərini xatırlatmaq və onun populyarlığını artırmaq olmuşdur. Bu məqsədlə qeyd olunacaq bayramın tarixi ABŞ-ın məşhur dövlət xadimi Con Xenkokun anadan olduğu gün seçilmişdir. 

 


C.Xenkok ABŞ-ın Müstəqillik Bəyannaməsinə ilk imza atan şəxs olmuşdur. Çində, Yaponiyada və bir çox digər Asiya ölkələrində gözəl yazmaq bacarığı incəsənət hesab olunur və bu gün hətta kalliqrafiya ustaları çox yüksək qiymətləndirilir. Başqa ölkələrdə gözəl əl yazısı çox yüksək qiymətləndirilməsə də, yaxşı xətt, gözəl əl yazısı hər yerdə hörmətə layiq görülür. Odur ki, belə bir bayramın qeyd olunması çox mənalıdır.