Bu maraqlıdır!

Yaponlar yeməyi nə üçün taxta çubuqlarla yeyirlər?

İlk çubuq təxminən 3000 il əvvəl çinlilər tərəfindən hazırlanıb. Bambukdan düzəldilən çubuqlar kəlbətinə oxşayırdı. Əvvəlcə onlar yemək hazırlanmasında rahatlıq üçün nəzərdə tutulmuşdu. Taxta kəlbətinlərlə isti yeməyi çevirmək çox rahat idi və aşpazın əllərini yandırmaq ehtimalı da az olurdu. Çubuqların uzunluğu 38 santimetr idi. Qida qəbulu üçün onların ölçüsü 25 santimetrədək kiçildildi. Tezliklə bu ənənəni digər xalqlar, o cümlədən yaponlar mənimsədi. Yaponiyada bu çubuqlar “xasi” adını alıb. 

Quru yeməkləri taxta çubuqla yemək asandır. Tikəni iki taxtanın arasına qoyursan və udursan. Bəs yapon xalqı duru yeməkləri necə yeyir? Bəlkə yaponlar, ümumiyyətlə, sulu xörək yemir? Yeyirlər, ancaq özünəməxsus şəkildə. Süfrəyə birinci quru yeməklər verilir, onlar quru tikələri şorbaya batırıb yeyir, sonra bulyonu içirlər.

Yaponlar deyirlər ki, qaşıq və çəngəldən bundan sonra da istifadə etmək niyyətində deyillər. Çünki onlar ağızlarına dəmir əşya salmaq istəmirlər. Taxta çubuq isə daha təbiidir. Yeri gəlmişkən, bizim ulu babalarımız da taxta qaşıqlardan istifadə ediblər.

Ənənəyə görə, xasi ağacdan düzəldilir, material kimi bambuk, sərv, ağcaqayın, gavalı ağaclarından istifadə edilir. Xasi dəyirmi və ya kvadrat kəsimli ola bilər. Onları bəzən lak və sədəflə bəzəyirlər. Gözəl hədiyyə kimi, bəzədilmiş xasi təqdim etmək eyib sayılmır. Yeni evlənənlər bu cür hədiyyəni minnətdarlıqla qəbul edirlər, axı bu, onlarda ayrılmazlıq və birlik rəmzidir. Ənənəyə əsasən, çubuq şəxsi predmet sayılır, onu istifadə üçün başqasına vermək olmaz. Bu məqsədlə bircə dəfə istifadə edilən xasilər var. Xasilər xüsusi altlıqlarda saxlanılır.

Şərqlilər inkişafa yüksək meyilli olması ilə həmişə fərqləniblər. Onlar başa düşürdülər ki, əllərin taxta çubuqlarla hərəkəti 40 həyati vacib nöqtəni stimullaşdırır. Kiçik barmaq insanın əqli inkişafına müsbət təsir göstərir. Yaponlarda uşaqlar bir yaşına çatan kimi ona çubuqlardan düzgün istifadə sənətini öyrətməyə başlayırlar. Bu sənəti erkən yaşda öyrənən uşaqlar yeməyi qaşıqla yeyən yaşıdlarından sürətlə inkişaf edir.

Yaponlar bir il ərzində 30 milyarddan çox çubuq istehsal edir. Çində və Rusiyada da xasini ağacdan düzəldirlər.

Yaponlar hesab edir ki, çubuqlar xüsusilə güclü iştahı olan insanlara lazımdır. Çünki qaşıqla yemək daha rahatdır, taxta çubuqla bir tikəni tutmağa çalışana qədər ağızda olan yeməyi daha çox və diqqətlə çeynəmək mümkün olacaq. Yəni qida iri-iri udulmayacaq. Yeməyə başlayandan 15-20 dəqiqə sonra toxluq hissi yaranır və orqanizm qida tələb etmir. Bundan başqa, mədə çox çeynənmiş qidanı daha yaxşı həzm edir.