Xəbərlər

Qara Qarayev adına İncəsənət Məktəbinin şagirdləri beynəlxalq festivalda uğurla çıxış edib

Belçikanın Brüssel şəhərində gənc musiqiçilərin peşəkarlığının artırılması və dünyanın müxtəlif ölkələrindən olan gənc istedadların öz bacarıqlarını nümayiş etdirmələri məqsədilə növbəti dəfə beynəlxalq “Musica mundi” adlı festival keçirilib.

 

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, festivalda Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdləri - Zərrin Əliyeva (violin), beynəlxalq müsabiqələr laureatı Nərgiz Əliyeva (fortepiano) və məktəbin məzunu, Bakı Musiqi Akademiyasının tələbəsi Orxan Hüseynov (violonçel) görkəmli sənət adamları Leonid Kerbel, Nikolas Angelik, Menahem Pressler, İren Koqan, İtamar Golan, Jerome Pernoo, Aleksandra İvanova, Jan Talik, Petr Prause, Ronald Van Spaendonck və Fien Van den Fonteynenin ustad dərslərində iştirak ediblər.

 

Tədbir çərçivəsində gənc musiqiçilərimizin dünya şöhrətli violin ifaçısı Maksim Vengerovdan aldıqları ustad dərsinin yekununda onunla birgə çıxışı maraqla qarşılanıb.