Bu maraqlıdır!

Həkimlər ağ xalatı nə vaxtdan geyməyə başlayıblar?

Həkimlər vaxtilə ağ xalat geyinmir, işdə adi, gündəlik geyimlərində olur, elə bu görkəmdə də pasiyentləri qəbul edirdilər. Əməliyyat zamanı isə önlük və ya xüsusi qolluqlar taxılırdı. Zaman keçdikcə həkim və pasiyentlər arasında “gigiyenik bufer” olmasına ehtiyac yaranırdı. Bu geyim elə rəngdə olmalı idi ki, onu tez-tez dəyişmək və ya yuyub-təmizləmək lazım gəlsin. Bu baxımdan ağ rəng ən münasib rəng idi.


Həkimlərin nə vaxtdan etibarən ağ xalat geyinməsi barədə iki versiya var. Bir versiyaya görə, ağ xalatın yaradıcısı ingilis həkimi Cozef Lister (1827-1912) olub. Digər versiyaya görə isə ilk dəfə həkimlərə ağ xalat geyməyi məşhur rus cərrahı Nikolay Piroqov (1810-1881) təklif edib. Həmkarlarının onun haqqında xatirələrinə görə, Nikolay Piroqov çox təmizkar həkim imiş; əməliyyatdan əvvəl hətta sarğı materiallarını mikroskopla yoxlayarmış. 


 

Müasir dövrdə ağ xalatı həkimlə pasiyent arasında “gigiyenik bufer” hesab etməyənlər də az deyil. Birminhem Universitetinin alimləri 20 il əvvəl müxtəlif sahələrdə çalışan həkimlərdən ümumilikdə 100 xalatı götürərək mikroskop altında analiz ediblər. Xalatların əksəriyyətində “qızılı stafilokok” (üzüm salxımına oxşar qruplar şəklində yerləşmiş bakteriya) aşkarlanıb. Merilend Universitetindən olan alimlər isə bundan bir neçə il sonra xəstəliklərin məhz həkim xalatları vasitəsilə bir pasiyentdən digərinə keçdiyini iddia ediblər. Əvvəl iradlar həkim xalatlarının qollarına idi. Belə hesab edirdilər ki, xəstəliklər həkim xalatının qolları vasitəsilə ötürülür. Sonra bu iradlar xalatın düymələrinə və ciblərinə də aid edildi. Bu iradlardan sonra həkim xalatları düyməsiz, cibsiz və qolları çox qısa tikilməyə başladı. Bütün həkimlər uzun qol, düyməli və cibli xalatlardan imtina etdilər. Daha sonra xalatların ağ rəngi tünd rənglə əvəz edildi. Əsas və vacib olan odur ki, həkim xalatları (və ya geyimləri) hər gün işdən sonra və ya hər əməliyyatdan sonra dəyişdirilməlidir.


2008-ci ildə Şotlandiyada ağ xalatlardan istifadə tamamilə qadağan edilib, İngiltərədə isə ağ xalatlardan istifadə edilməməsi tövsiyə olunub. ABŞ-da bu barədə hər il “Həkimlər Assosiasiyası” tərəfindən məsələ qaldırılır. Rusiyada xeyli vaxtdır ki, “Təcili yardım”da çalışan həkimlər rəngbərəng geyim formasına keçiblər.