Xəbərlər

Xətai Sənət Mərkəzi növbəti uşaq rəsm müsabiqəsini elan edib

Bakı, 10 avqust, AZƏRTAC

 

Bakı Xətai Sənət Mərkəzində “Mənim yay tətilim-2018” adlı respublika uşaq müsabiqəsinə start verilib.

 

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, müsabiqə Mədəniyyət, Təhsil nazirlikləri, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə məktəblilərin yay tətil xatirələrini rənglərlə anlatma bacarıqlarını təkmilləşdirmək məqsədilə təşkil edilib. Müsabiqənin məqsədi tətil ərzində yadda qalan, onların diqqətini çəkən, hadisə və məkanları, fiqur və ya epizodları uşaq və yeniyetmələrin təqdimatında tablo üzərində görməkdir.

 

İştirak etmək istəyənlər yaratdığı işin fotosu ilə bərabər ad və soyad, təvəllüd, əlaqə nömrəsi, oxuduğu məktəb və ya təsviri sənətlə məşğul olduğu tədris mərkəzinin adını qeyd etməklə oktyabrın 20-dək Xətai Sənət Mərkəzinin xsm.2016@mail.ru  elektron ünvanına göndərməlidirlər. Müsabiqəyə 12-17 yaşlı uşaq və yeniyetmələr qatıla bilər.

 

Mövzu və düzgün kompozisiyaların üstünlük veriləcəyi müsabiqədə ən çox uşaqların öz duyğuları ilə işləmiş olduğu əsərlər seçiləcək.