Görkəmli şəxsiyyətlər

Əhməd Bakıxanov - Tar ifaçılıq sənətinin görkəmli nümayəndəsi

Tar ifaçılıq sənəti bütün Azərbaycanda geniş yayılıb. Bu alət xalq çalğı alətləri ansamblında əsas yerlərdən birini tutur.


Tar qədim musiqi alətidir. “Tar” sözünün farsca lüğəti mənası “tel”, “sap” deməkdir.  Azərbaycanlı tarzən Mirzə Sadıq (Sadıqcan) XIX əsrin II yarısında tarın quruluş və formasında dəyişikliklər edib. O, tarın ifasını diz üstündən sinəyə qaldırıb. Məhz onun təkmilləşdirdiyi Azərbaycan tarı Qafqazda və Orta Asiyada geniş yayılıb.


Azərbaycan tarı 2012-ci ildən UNESCO-nun Bəşəriyyətin Toxunulmaz Mədəni İrsi Siyahısına daxil edilib. Tarda Azərbaycanın bir çox məşhur musiqiçiləri ifa ediblər. Onlardan biri də Əhməd Bakıxanov olub. 


Azərbaycanın əməkdar müəllimi, Azərbaycanın xalq artisti, tarixçi Abbasqulu ağa Bakıxanovun nəvəsi, bəstəkar Tofiq Bakıxanovun atası olan Əhməd Bakıxanov 1892-ci ildə anadan olub, ilk təhsilini İranda alıb, burada ustad tarzənlərdən tar ifaçılığının və muğamatın sirlərinə dərindən yiyələnib. 1930-cu illərdən Üzeyir Hacıbəyovun dəvəti ilə Azərbaycan Dövlət Konservatoriyasında, daha sonra Azərbaycan Dövlət Muğam Mərkəzində muğamdan dərs deyib. 1931-1973-cü illərdə Azərbaycan radiosunun nəzdində xalq çalğı alətləri ansamblının təşkilatçısı və rəhbəri olub. 1973-cü ildən həmin ansambl Əhməd Bakıxanovun adını daşıyır. Ə.Bakıxanov “Azərbaycan xalq rəngləri” (1964), “Azərbaycan ritmik muğamları” (1968), “Muğam, mahnı, rəng” (1975) kimi not nəşrlərinin müəllifidir. Əhməd Bakıxanovun mənzilində Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyinin filialı yaradılıb. Burada tarzənin xalq çalğı alətlərindən ibarət zəngin kolleksiyası nümayiş olunur.