Görkəmli şəxsiyyətlər

Kişi adı ilə əsərlər yazan fransız yazıçısı – Jorj Sand

Fransanın ilk qadın yazıçısı kimi tanınan Jorj Sandın əsl adı Amandina Avrora Lüsil Düpen idi. Özünü heç vaxt feminist hesab etməsə də, çoxları onu feminist kimi qələmə verirdi. O, kişi kimi geyinib, kişi ləqəbi ilə də əsərlər yazırdı. Jorj Sand Fransa mətbuatında “kişi üzlü qadın yazıçı” kimi məşhurlaşıb.


Avrora 1804-cü il iyulun 1-də Parisdə zadəgan ailəsində dünyaya gəlib. Körpə olanda o, atasını itirib. Bu hadisədən sonra onun anası ilə nənəsi arasında münasibətlər pisləşib. Anası övladı gələcək mirasdan məhrum olmasın deyə onu nənəsinin yanında qoyaraq Parisə gedib. Sonralar Fransanın böyük yazıçısına çevrilən Amandina Avrora Lüsil bu hadisə haqqında yazmışdı: "Anam və nənəm bununla mənim ürəyimi parça-parça etdilər". 

 

“Xanıma yaraşmayan peşə”

Avrora Noan şəhərində nənəsi ilə birlikdə yaşayıb. Rahibə olmaq istəsə də, amma nənəsinin və ona hamilik edən keşişin səyləri nəticəsində bu fikirdən daşınıb.  XIX əsrdə yazıçılıq Fransada “xanıma yaraşmayan peşə” sayıldığından, Avrora ilk əsərlərini Jül imzası ilə çap etdirib.


Avropa romanizmi özünün ən parlaq dövrünü yaşayırdı. Bir-birindən gözəl əsərlər cəmiyyətə təqdim edilirdi. Teatr tamaşaları, ədəbi-bədii proseslər cəmiyyətin müzakirə etdiyi ən populyar mövzular idi. Xüsusilə Fransada dünyaya səs sala bilən əsərlər yaranırdı. Volter(lər), Russo(lar), Hüqo(lar)... yaranırdı. 


Bu sırada dayanan ən nəhəng simalarından biri də Jorj Sand idi. Hələ 19-cu əsrin əvvəllərində Fransada Napoleonun qadınların hüquqlarını azaltmasına baxmayaraq, bir çox sahədə yeniliklərə məhz qadınlar imza atırdılar. Bu sahələrdən biri də ədəbiyyat idi.


Özünə Jorj adlı kişi ləqəbini və Sand soyadını götürən yazıçının adı  ilə yanaşı, qarderobu da dəyişir və  kişi kostyumları geyinməyə başlayır.
Gününün çox hissəsini yazmağa həsr edən yazıçı tezliklə bütün Fransa ədəbi mühitinin diqqətini özünə çəkir.

 

Qadın azadlığı ideyası 

İlk romanı - "İndiana"nı nəşr etdirəndə onun 28 yaşı var idi. Roman gözləndiyindən də böyük əks-səda doğurdu. 


Oxucular, tənqidçilər uzun müddət bu əsər haqqında danışdılar. Əminliklə demək olar ki, o bu romanla adını ilk əsəri müəllifinə böyük şöhrət gətirən yazıçıların sırasına yazdı. Bundan sonra onu yazıçı Jorj Sand adlandırmağa başladılar.


1832-ci ildə yazıçının ikinci romanı – “Valentina” cap olunub. Bu ikinci uğurdan sonra Jorj Sand özünü bütünlüklə yaradıcılığa həsr edib və qısa zamanda “Melxior” əsərini yazıb. Üçüncü romanı ilk əsərləri qədər səs-küy yaratmasa da yazıçı ruhdan düşməyib. 


1833-1835-ci illər ərzində beş roman yazıb tamamlayıb. 1842-ci ildə “Konsuelo” əsərini qələmə alan Jorj 35-ə yaxın romanın, 70-dən çox nəsr əsərinin müəllifi idi. Əsərləri, demək olar ki, dünyanın əksər dillərinə tərcümə olunub. 


Sandın romanlarının əsas ideyasını qadın azadlığı təşkil etdiyindən, inqilabi yüksəliş yaşamış Fransa oxucusunun zövqünü oxşayırdı. Buna görə də Jorj çox sürətlə məşhurlaşdı. Daha da həvəslənən, ilhamlanan yazıçı hər gün səkkiz saatını masa arxasıda keçirir, romanlar, hekayələr yazırdı. 


Jorj Sand 1876-cı il iyunun 8-də Noanda vəfat edib. Jorjun ölümündən sarsılan fransız yazıçısı Viktor Hüqo onun haqqında belə yazıb: “Onun ölümünə ağlayır, ölməzliyini salamlayıram”. Jorjun ölümündən öncəki son sözləri isə belə olub: “Yaşıllıq … Saxlayın”. Bu, onun qəbrinə aid vəsiyyəti idi. O, qəbri üstündə başdaşı qoyulmamasını, otların arasında itib-batmasını arzulayıb. Həyatı boyu diqqət cəlb edən Jorj Sand ölümündən sonra qəbrinin gözdən itməsini istəyib.