Görkəmli şəxsiyyətlər

Bakı Bulvarının banisi Məmmədhəsən Hacınski

Bakı Bulvarının ideyası İstedadlı Azərbaycan mühəndisi, memar, siyasi və dövlət xadimi Məmmədhəsən Cəfərqulu oğlu Hacınskiyə məxsusdur.  
 
 
Məmmədhəsən Hacınski 1875-ci il martın 3-də Bakıda anadan olub. 1902-ci ildə Peterburq Texnologiya İnstitutunu bitirib. Bir müddət Moskvada, Azərbaycanın məşhur neft sənayeçisi Şəmsi Əsədullayevin neftayırma zavodunda işləyəndən sonra 1908-ci ildə Bakıya qayıdıb. İstedadlı gənc mühəndis Bakıda birinci neft bumu dövründə geniş vüsət almış tikinti işlərində iştirak etməyə başlayıb. O, Bakının fon der Nonne tərəfindən hazırlanmış birinci baş planının təkmilləşdirilməsində də fəal iştirak edib. 
 
 
1913-cü ildə Hacınski Bakı şəhər upravasına rəhbər təyin edilib. O, Bakının, xüsusən Şirvanşahlar sarayının tarixi simasının qorunub saxlanması məsələsinə xüsusi diqqət yetirib. 
 
 
Bakıda dənizkənarı bulvar yaradılması ideyasının təşəbbüskarı və ilhamvericisi M.Hacınski olub. Hacınskinin rəhbərliyi ilə bu bulvarın salınmasında memar Adolf Eyxler fəal iştirak edib. Sahil küçəsində modern üslubunda sinematoqraf (kinoteatr) üçün “Olimpiya” və restoran üçün “Eldorado” adlı böyük pavilyonların layihələri tərtib edildi.
 
 
1911-ci ilə qədər Hacınski şəhərin yaşayış və tikinti baxımından ən perspektivli sayılan bütün şimal və şimal-şərq rayonlarını layihələşdirmişdi. Bakının inkişafının sosializm dövründə bu layihələr gerçəkləşdi.
 
 
İstedadlı mühəndis və memar Məmmədhəsən Hacınski həm də tanınmış siyasi və dövlət xadimi idi. Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründə o, ilk xarici işlər naziri, daha sonra maliyyə naziri və daxili işlər naziri vəzifələrində çalışıb. O, AXC parlamentinin üzvü, Paris sülh konfransında (1919) AXC nümayəndə heyətinin üzvü, nümayəndə heyətinin sədri Əlimərdan bəy Topçubaşovun müavini olub. 
 
 
Sovet hakimiyyəti illərində müxtəlif sovet və təsərrüfat vəzifələrində çalışmış Məmmədhəsən Hacınski 1930-cu ildə Zaqafqaziya diyar partiya komitəsinin ovaxtkı birinci katibi Lavrenti Beriyanın göstərişi ilə həbs edilib, 1931-ci il martın 8-də isə hələ istintaq başa çatmadan Tiflis həbsxanasında vəhşicəsinə qətlə yetirilib.