Şeirlər

Qasım bəy Zakir. "Aslan, qurd və çaqqal"

Görmüşәm nüsxәdә bir türfә misal,

Әyyami-sabiqdә bir qurd, bir çaqqal,

Şiri-jәyan ilә tutmuşdu ülfәt,

Yedilәr, içdilәr bir neçә müddәt.

Tәqdiri-qәzadan üç gün, üç gecә,

Ov keçmәdi әlә, oldusa necә.

Aqibәt tapdılar sәbaһә yavuq

Bir qoyun, bir quzu, bir dә bir toyuq.

Qalib olmuş idi şirә iştәһa,

Qurda dedi:-«Bölgü sәnindi, durma,

Tәqsim eylә, olaq yemәyә mәşğul».

 Anlamayıb fikrin kürki-biüsul,

Dedi:-«Ey sәrvәr, cәnabi-bari,

Öz әlilә göydә bölüb bulari.

Qoyun sәnin, quzu mәnim, çaqqalә

Göndәrib toyuğu xaliq nәvalә».

Gәlmәdi bu sözlәr şirin xoşuna,

Bir tapança saldı qurdun başına.

İki gözü ol biçarə fəqirin,

Çıxıb yerə düşdü zərbindən şirin.

Ondan sonra üzün tutub çəqqalə

Dedi:-“Oldu bölgü sənə həvalə.

Qismət eylə, məlum olsun əməlin,

Eşitmişəm vardır bölgüdə əlin”.

Çaqqal zərbi-dəsti-şiri görmüşdü,

Anlamışdı karı, rəyin bilmişdi.

Dedi:-“Ata-baba bölgü bizimdi,

Sən gedib naəhlə buyurdun indi.

Eylə qismət edim qəniməti mən,

Ta ruzi-qiyamət deyəsən əhsən!

O ki qoyun padşahın naharı,

Quzunu saxlarıq axşam iftarı.

Toyuq da sabahın qəlyanaltına,

Əlbəttə ki, xaliq yetirir yenə”.

Şir dedi:-“Afərin sənə ey pürfən,

Bu bölgünü kimdən öyrənibsən sən?”

Dedi:-“Mən bilməzdim binadan, başdan,

Öyrəndim o gözü çıxan qardaşdan”.

Böyük əgər deyə gündüzə gecə,

De ki, göydə ulduz səyrişir necə!

Gündüz hesab etsə əgər gecəni,

Söylə ki, yandırır afitab məni...