Xəbərlər

Səkkiz yaşlı həmyerlimiz növbəti dəfə birinci olub

Polşanın Katoviç şəhərində Bədii gimnastika üzrə IX Beynəlxalq “Qızıl gürz-2018'” kuboku uğrunda yarış keçirilib.

 

AZƏRTAC xəbər verir ki, Polşa, Macarıstan, Ukrayna, Çexiya və Belarusun müxtəlif şəhərlərindən 18 klubun mübarizə apardığı turnirdə ölkəmizi səkkiz yaşlı həmyerlimiz Mina Abbasova təmsil edib.

 

O, çoxnövçülük yarışlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq qızıl medala layiq görülüb. Həmyerlimiz alətsiz hərəkətlərdə birinci, halqa ilə hərəkətlərdə isə ikinci pillədə qərarlaşıb. Beləliklə, Mina Abbasova bu gərgin mübarizədə üç medal (iki qızıl və bir gümüş) qazanmağa müvəffəq olub.

 

Qeyd edək ki, Mina Abbasova 5 yaşından başlayaraq iştirak etdiyi bütün beynəlxalq yarışlarda valideynlərinin işi ilə bağlı müvəqqəti yaşadığı ölkəni – Macarıstanı təmsil etsə də, bu ilin avqustundan etibarən Budapeştdə keçirilən XVII ənənəvi “Gracia” kuboku turnirindən sonra Azərbaycan bayrağı altında çıxış edir.

 

Balaca qəlbində böyük vətən sevgisi daşıyan, istedadlı gimnastımızın məşqçiləri hələ ötən yarışlardan onun arzu-istəyini, qazandığı uğurları nəzərə alaraq doğma vətənini təmsil etməsinə icazə veriblər.