Təbiət

Vəhşi heyvanlardan necə qorunmaq olar

Vəhşi heyvanlardan hamımız qorxuruq, amma onlardan qorunma üsullarının olduğunu çoxumuz bilmirik. Deyə bilərsiz ki, kenquru və ya begemotla harada qarşılaşa bilərik ki?

Bilmək olmaz, bəlkə bir gün atanız sizi hansısa maraqlı bir ölkəyə, məsələn, Tailanda - fillərin, timsahların azad gəzib dolaşdıqları yerə gəzməyə aparar. Bax onda bəlkə bu məsləhətlər lazımlı olar. Əlbəttə, təki belə çətin vəziyyətlərə düşməyəsiniz. Bu həm də vəhşi heyvanların nədən qorxduğunu bilmək üçün də maraqlıdır.

Şir

Şirlə qarşılaşanda gözlərini onun gözlərinə zillə. Arxaya çevrilmə və gözünü gözündən çəkinmə. Əlaqənin kəsilməsi hücum imkanı yaradar. Böyük görünməyə çalış. Əllərini, əynində gödəkcə və ya pencəyin varsa, onu da yuxarı qaldır. Ucadan qışqır və əl-qol hərəkətləri et. Belə davranış onun fikrini yayındıra bilər. O səni hücum edən tərəf kimi qəbul edər və geri çəkilər.

İlan

İlanların əksəriyyəti zəhərli deyil. Əgər qarşına ilan çıxsa, addımlarını yerə bərk-bərk çırp. Bu ilanı çaşdıracaq. Sənin də canın qurtaracaq. Unutma, ilanlar daha çox sakit ərazilərdə olur. Amma əgər səni ilan çaldısa, zəhəri sorub çıxartmaq əvəzinə, ilan vuran yeri soyuq su ilə yu, əski ilə möhkəm çəkib bağla və təcili yardıma zəng et.

Timsah

Timsahların çənəsi yer üzündə ən güclü çənələrdən hesab olunur. Onlar insanı tutsa, qurtulmaq asan olmaz. Səni tuta timsahın gözünə və yaxud udlağına yumruq vur. Timsahın ən zəif nöqtələri bunlardır.

Quruda timsah sənə tərəf gəlirsə, qışqır və qaç. Ziqzaqşəkilli qaçsan daha gözəl olar. Amma əgər suda üstünə timsah gəlsə, səsini çıxartma və suyu şappıldatma. Sakitcə geri üz.

Akula

Biləsiniz ki, akulaların 150 növündən yalnız 20-si insana hücum edir. Yerdə qalanları isə bizi qida kimi qəbul edə bilmir. Amma əgər akula tamah salsa, ondan can qurtarmaq olduqca çətin olar.

Akula ilə qarşılaşmamaq üçün suya qan və bədən ifrazatının düşməsindən qorunmaq lazımdır. Çünki akula kilometrlərlə məsafədən bunu hiss edir. Onunla üz-üzə gələndə çevrilib həyəcan içində üzmə. Belə olan halda sən akula üçün əsl ovsan. Sakitliyini qoru. Əgər cəsarətin çatırsa, düz gözlərinin içinə bax.

Öküz

Öküzlər heç də qırmızı rəngə deyil, hərəkətə reaksiya verir. Əgər üstünə öküz gəlirsə, tərpənmə, yerindəcə dayan. Əynindəki köynəyi çıxart, əlində sədd kimi tut, öküz yaxınlaşanda kənara at. Öküz onun dalınca gedəcək.

Fil

Fillər olduqca ağıllı və ünsiyyəti sevən canlılardır. Amma hücum da edə bilərlər. Əsas da ana fillər səni balaları üçün təhlükə mənbəyi kimi hiss etsələr. O zaman ona diqqətlə bax. Quyruğu burulub, qulaqları arxaya doğru çəkilibsə, o, hücum anındadır. Fildən qorunmaq üçün maneə tap - ağac və ya iri bir daş.

Kenquru

Kenqurular onun ərazisinə girənə hücum edirlər. Əgər kenquru ilə qarşılaşsan kəsik-kəsik öskür. Onlar sənin xəstə olduğunu düşünüb sənə hücum etməyəcəklər. Astaca arxaya çəkil. Sən çox balaca və təhlükəsiz görünəcəksən. Çevrilib qaçma. Unutma kenquru bir tullanışla sənə çatar.

Begemot

Begemot ilk baxışda mehriban və sevimli görünə bilər. Amma begemot insanın ölümünə timsahdan daha çox səbəb ola bilir. O, çox sürətlə qaçır və asanlıqla hirslənir.

İsti havada cəngəlliyə girmə. Hündür otların arasında gizlənmiş begemotla qarşılaşarsan. Onu görsən, ağaca çıx. Ağac olmasa, hündür daşın və təpənin üstünə dırmaş.

Kərgədan

Kərgədan zəif görür. Onu qorxutmaq daha asandır. Amma o qorxudan hücum edə bilər. Kərgədan saatda 60 km sürətlə qaçdığı üçün ondan can qurtarmaq çətindir, amma mümkündür. Kərgədandan qorunmağın yeganə yolu qaçıb ağacın arxasına girməkdir. Ağac onun üçün əsas maneədir. Hətta kolluq və yüksək otluq da səni ondan xilas edə bilər.

Arı

Arılar öz pətəklərini qorumaq üçün hücum edirlər. Unutma, tünd rənglər arıların diqqətini cəlb edir. Əgər qara rəngli köynək geyinmisənsə, işin çətin olacaq. Əgər arxanca arı ailəsi və yaxud bir neçə arı uçursa, qaranlıq yerdə gizlən.