Nağıllar, hekayələr

"Ağ keçi" nağılı

Bir zamanlar balaca bir daxmada çox sevimli bir nənə yaşayırdı. Nənə yeriyərkən addımlarını yavaş-yavaş atdığı üçün ona “Tin-tin” nənə deyirdilər. Tin-tin nənənin qapqara tüklü, sarı gözlü bir pişiyi vardı. Nənə pişiyi çox sevərdi, heç vaxt onu yanından ayırmazdı. Uzun gecələri nənə pişiklə danışar, dərdləşərdi.

 

Günlərin bir günü nənənin pişiyi itdi. Yazıq nənə pişiyin itməsinə çox kədərləndi. Bağa çıxıb: “piş, piş, piş, deyə pişiyi səslədi. Amma pişiyin səsi gəlmirdi. Beləliklə, nənə bütün günü küçələri dolaşdı, pişiyi axtardı. Amma pişik tapılmadı ki, tapılmadı. 

 

Axşam düşdü. Tin-tin nənə yorğun halda evə dönərkən yolda Ağ keçiyə rast gəldi. Ağ keçi:
-Tin-tin nənə, gözümə yaman yorğun, üzgün dəyirsən. Nə olub?- deyə soruşdu.

 

Nənə:
-Vay, vay.. Heç soruşma, ay ağ keçi. Pişiyim itib. İndi mən onsuz necə yaşayacağam, deyə doluxsundu. 

 

Ağ keçi dırnaqlarının ucunda dikəldi, saqqalını yellədi, quyruğunu salladı və dedi:
-Üzülmə, nənəcan! Mən sənin pişiyini taparam. Düz bir həftədir ki, Ərdanın dedektiv kitabını yeyirəm. Məndən yaxşı dedektiv vamı?

 

Tin-tin nənə Ağ keçinin sözlərindən bir azca təsəlli tapdı. Keçiyə təşəkkür edə-edə evinə yollandı.

 

Ağ keçi də gedib özünə bir böyüdücü və bir də dedektiv geyimi tapdı. Sonra balıqçının yanına gedib ondan bir balıq aldı. Balığı gətirib masanın üstünə qoydu. Özü də bir küncdə gizləndi. Öz-özünə fikirləşdi ki, indi bütün pişiklər balığın iyinə bura toplaşar. Mən də Tin-tin nənənin pişiyini tutaram.

 

 

Doğrudan da, çox keçmədi ki, evə bir sürü pişik doluşdu. Ağ keçi o dəqiqə qapını bağladı. Pişikləri bir-bir tutub onlara yaxından baxdı. Amma onların içindı bir dənə də olsun qara tüklü pişik tapmadı. Bu hadisədən kədərlənən Ağ keçi pişiklərin hamısını qovub evdən çıxardı.

 

Elə bu vaxt ağ bir pişik balığın iyinə gəldi, amma qapını bağlı görən pişik dama dırmaşdı. Elə bacadan içəri baxmaq istəyirdi ki, birdən aşağı düşdü. Bacanın hisindən pişiyin rəngi qapqara oldu. Qara pişiyi görən kimi keçinin gözündə sevinc qığılcımları parladı:
-Axır ki, Tin-tin nənənin pişiyini tutdum!


Elə o dəqiqə pişiyin boynuna bir ip salıb nənənin daxmasına getdi. Bərk yağış yağırdı. Pişiyin tükləri hisdən təmizlənib öz rənginə düşdü.

 

Ağ keçi palçığa bata-bata gedərkən birdən dönüb pişiyə baxdı. Onun ağardığını görcək çaşıb qaldı: 
-Vay, vay! Bu pişiyə nə oldu? Oğrular, quldurlar..., necə də fikir verməmişəm. Qara pişiyin yerinə ağ pişik bağlayıblar. Amma Ağ keçini aldatmağın nə olduğunu mən onlara göstərərəm. İntiqamımı alacağam, mütləq alacağam,- deyə mələdi.

 

Bəli, bəli. Ağ keçi bunları söylədi. Sonra da oğruları ancaq meşədə tapa biləcəyinə arxayın halda, əlindəki böyüdücü ilə yerləri axtara-axtara meşəyə getdi. Meşədə Ağ keçi bir pişik səsi eşitdi. Səs gələn tərəfə getdi. Bir çuxurda qapqara bir pişik miyoldayırdı. Ağ keçi pişiyi quyudan çıxardı.

 

Pişik:
-Mən Tin-tin nənənin pişiyiyəm. Quyuya düşdüm, nə qədər çalışdımsa, çıxa bilmədim. Məni xilas etdiyinə görə təşəkkür edirəm, -dedi. Ağ keçi düşündü:
“Yəqin bu da oğruların yeni oyunudur. Çox güman ki, pişiyin tükləri boyalıdı. Mənim qara pişiyi tapmağıma mane olmaq istəyirlər. Ha-ha-ha... Ən yaxşısı budur ki, özümü inanmış kimi göstərim”.

 

Keçi üzünü pişiyə tutub dedi:
-Əlbəttə, sən Tin-tin nənənin pişiyisən. Nənə səni gözləyir, qaç get. 

 

Pişik oradan uzaqlaşandan sonra keçi:
-Bax gör, səni necə də aldatdım, axmaq oğru, deyə bic-bic güldü. Beləcə, keçi axşama qədər meşədə qara pişiyi axtara-axtara qalır. Birdən keçi yolu itirdiyini başa düşür, çox qorxur.

 

Böyüdücü ilə yerdə ayaq izlərini axtaran keçi öz izini görür. “Buralarda bir keçi yaşayır, o keçini tapsam mənə yolu göstərər”, deyə öz ayaq izlərini izləyə-izləyə kəndə çatır.

 

Kəndə çatar-çatmaz Ağ keçi Tin-tin nənənin pişiyi tapıb-tapmadığını öyrənmək üçün düz nənənin komasına yollandı. Nənə keçini sevinclə qarşılayır, boynunu qucaqlayaraq deyir:
-Sağ ol, Ağ keçi. Sən pişiyimi tapdın. Təşəkkür edirəm!

Ağ Keçi meşədə xilas etdiyi pişiyi görəndə qürurla başını havaya qaldırıb:
-Həəə! Bunumu deyirsən? Onu mən tapdım. Mənim kimi bir dedektiv üçün bu çox ağır bir iş deyildi, deyə cavab verdi və sonra da lovğa-lovğa oradan uzaqlaşdı.