Nağıllar, hekayələr

“Pandora qutusunu açmaq” nə deməkdir

Qədim yunan əfsanəsinə görə, Zevs dəmirçilik və vulkan tanrısı, Hefestdən tanrıçalara bənzəyən bir qadın yaratmasını istəyir. Hefest torpaq və sudan tanrıçalara bənzəyən bir insan yaradır. Ona gözəl üz və zərif səs verir. Afina (Athena) ona əl işləri öyrədir. Afrodit (Aphrodite) ona zərafət bəxş edir. Hermes ona əxlaqsızlıq və hiyləgərlik verir. Bir çox tanrı və tanrıça ona yaxşı və pis xarakterlər verir. Adını isə Pandora qoyurlar.

 

Prometey ilahi sayılan odu insanlara verməsindən hiddətlənən Zevs, ondan intiqam almaq üçün qardaşı Epimeteydən istifadə etmək istəyir. Epimeteyin qarşısına Pandoranı çıxarır. Pandora Epimetey vasitəsilə insanların arasına qarışır. Prometey qardaşına Zevs başda olmaqla, tanrılardan gələn hədiyyələri almaması barədə dəfələrlə xəbərdarlıq edir. Epimetey isə xəbərdarlıqlara diqqət yetirmir və hətta Pandoraya aşiq olur. Bu eşq evliliklə nəticələnir.

 

Zevs insanların başına gələ biləcək bütün bəlaları bir qutunun içinə qoyaraq toy hədiyyəsi olaraq Epimeteyə bağışlayır. Qutunu hədiyyə verərkən Zevs tapşırır ki, xoşbəxt yaşamaq istəyirlərsə, bu qutunu heç bir zaman açmasınlar. Qutunun görünüşü cazibədar idi. Ona “xoşbəxtlik qabı” deyilirdi. Pandora qutudakı sirrə duyduğu marağa məğlub olur və qutunu açır. Qutunun qapağını açar açmaz ətrafa və dünyaya bütün pisliklər yayılır. Ölüm, qəzəb, xəstəliklər, epidemiyalar, aclıq, qısqanclıq, həsəd və bütün pis xislətlər… Dinc bir həyat yaşayan kişilər qutunun açılması ilə acı, hüzn və kədər ilə yaşamağa başlayır. Artıq bütün pis şeylər dünyaya yayılmışdı. Qutudan qanadlı varlıqlar uçub gedir və gecə-gündüz insanlara zərər verirdilər.

 

Bu vəziyyəti görən Pandora peşman olaraq qutunun qapağını dərhal bağlamaq istəyir. Zevsin də istəyi ilə zorla da olsa, qutunun qapağını bağlayır və içində bir tək şey qalır. Qutuya pisliklərə qarşı qoyulan “ümid”. Pandora qapağı bağladığı üçün çölə çıxa bilməz. Pandoranın qutusunda və ya pislik qabında insanlara xoşbəxtlik verən tək şey qalmışdır, o da ümiddir. Zevs insanların davamlı olaraq əziyyət çəkməsini, eyni zamanda, həyatdan əl çəkməməsini istəyir. Bunun üçün qutuda ümidi buraxır. “Ümidsiz yaşanmaz” ifadəsi, bəlkə də, belə məna qazanmışdır.

 

Həmin vaxtdan sonra “Pandora qutusunu açmaq” ifadəsi obrazlı şəkildə qarşısı alına bilməyən bəlalara səbəb olan hər hansı bir sözü demək və əməl etmək mənasında işlədilir.