Nağıllar, hekayələr

Uçan holland ifadəsi necə yaranıb

“Uçan holland” heç bir zaman sahilə yan almayacaq və əbədi dənizdə üzməyə məhkum olunmuş əfsanəvi lənətlənmiş kabus-gəmidir.

Rəvayətə görə, guya həmin gəmi dənizdə başqa gəmilərlə qarşılaşan zaman gəmi heyəti sahildə qalmış və çoxdan həyatdan köçmüş insanlara xəbər göndərməyə çalışır. İnanca görə “uçan holland” gəmisi ilə qarşılaşmaq pis əlamət hesab edilirdi.

Rəvayətin bir neçə versiyası mövcuddur. Onlardan birinə görə gəminin kapitanı Van der Dekken (bəzi versiyalarda isə Van Straaten) Hindistandan geri qayıdan zaman Afrikanın cənubunda yerləşən Ümid burnundan keçərkən okeanda böyük bir fırtına başlayır. Gəmi üçün təhlükə yarandığını görən matroslar təklif edirlər ki, sahildə buxtaların birində gözləsinlər və fırtına sakitləşdikdən sonra yollarına davam etsinlər. Amma lovğa gəmi kapitanı Van der Dekken şeytanla razılığa gəlir ki, fırtınada gəmini qayalara çarpmadan burundan keçirə bilsə, qəlbini ona satacaqdır. Amma razılaşma zamanı kapitan bu razılaşmanın yalnız bir dəfə üçün keçərli olduğunu dəqiqləşdirmədiyindən əbədi dənizdə qalmağa məhkum edilir.

Əfsanə dünyada olduqca məşhur olduğundan bir çox roman, şer, opera, habelə kinofilmlərdə istifadə olunmuşdur.

28.09.2018