Görkəmli şəxsiyyətlər

Rəşad Nuri Güntəkin

Türk ədəbiyyatının məşhur yazıçısı Rəşad Nuri Güntəkin 1889-cu il noyabrın 25-də İstanbulda anadan olub. Atası ordu zabiti Nuri bəy, anası isə Ərzurum valisi Yavər Paşanın qızı Lütfiyyə xanımdır.


İlk təhsilini Çanaqqalada alan Rəşad Nuri Güntəkin Qalatasaray məktəbində bir il oxuduqdan sonra İzmirdəki fransız məktəbində təhsilini davam etdirib. Məktəbi yarımçıq buraxan gələcək yazıçı 1912-ci ildə İstanbul Universitetinin ədəbiyyat fakültəsini bitirib. 


Müxtəlif vaxtlarda Bursa və İstanbulda müəllimliklə məşğul olub.


1927-ci ildə maarif müfəttişi vəzifəsinə təyin olunur və bu arada Dil Məsələləri üzrə Komitə ilə birgə bəzi işlər həyata keçirir. 1939-cu ildə Çanaqqaladan Türkiyə Böyük Millət Məclisinə millət vəkili seçilir. 1946-cı ilə qədər millət vəkili olur. 1947-ci ildə Cümhuriyyət Xalq Partiyasının Ankarada çap olunan "Ulus" qəzetinin İstanbul qolu olan "Məmləkət" qəzetini nəşr etdirir. Sonra yenidən müfəttiş kimi çalışır və 1950-ci ildə YUNESKO-nun Türkiyə təmsilçisi və tələbə müfəttişi olaraq Parisə gedir. 1954-cü ildə isə yaşı səbəbindən bu vəzifədən istefa verməli olur. Bundan sonra bir müddət İstanbul Şəhər Teatrlarının Ədəbi Şurasında fəaliyyət göstərir.


Rəşad Nuri Güntəkin Anadolu insanının həyat tərzini, problemlərini, hisslərini, inanclarını öz əsərlərində olduğu kimi, heç bir şərh etmədən əks etdirə bilirdi.


O, ədəbi fəaliyyətə 1918-ci ildə Camal Nemət adıyla yazdığı "Harabelerin Çiçeği" romanı və "Eski Ahbap" hekayəsi ilə başlayıb.


Yazıçını məşhurlaşdıran onun “Çalıquşu” romanı idi. Türk ədəbiyyatında realist romana meylin ilk nümunələrindən olan bu roman dil, üslub, təhkiyyə tərzinə görə uzun müddət aktuallığını qoruya bilib. “Yarpaq tökümü”, “Dodaqdan qəlbə”, “Axşam günəşi” də yazıçının məşhur əsərləri sırasındadır.


Uzun illər Anadolunun bir çox yerinə etdiyi səfərlər sayəsində Rəşad Nuri Güntəkin Anadolunun sosial və mədəni həyatıyla bağlı təcrübələr qazanıb, bu təcrübələrini, təəsuratlarını “Anadolu qeydləri” adı altında toplayıb.


Oxucuları tərəfindən sevilən yazıçı 1956-cı il dekabrın 13-də müalicə üçün getdiyi Londonda vəfat edib.