Xəbərlər

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı yeni teatr mövsümünə başlayır

06.09.2013. Rus yazıçısı Aleksey Tolstoyun eyniadlı əsəri əsasında hazırlanmış və sentyabrın 21-də nümayiş etdiriləcək “Buratinonun macəraları” mövsümün ilk tamaşası olacaqdır. Beynəlxalq layihə əsasında ərsəyə gələn səhnə əsərinin quruluşçu rejissoru Uşaq və Gənclər Teatrları Beynəlxalq Assosiasiyasının baş katibi İvitsa Simiç (Xorvatiya), quruluşçu rəssamı Dinka Jeriçeviç (Xorvatiya), bəstəkarı İqor Karliçdir (Xorvatiya). Tamaşa boyu şən və xoşbəxt gələcəyin bağlı qapısının oğurlanmış və sonra da itmiş qızıl açarını əldə etmək üçün Buratino və onun dostları min bir əziyyətlə və ağlasığmaz macəralarla rastlaşırlar. Təbii ki, sonda xoşbəxt gələcəyə, yeni və daha gözəl teatra sahib olmaq arzusu baş tutur. Buratino və onun sadiq dostları qızıl açarla möcüzəli qapını açır və arzu etdikləri teatra – sehrli aləmə qədəm qoyurlar...

Həmin gün teatrın axşam seansında isə İsveç dramaturqu Lars Norenin eyniadlı pyesi əsasında səhnələşdirilmiş “Müharibə” tamaşası göstəriləcəkdir. Tamaşanın quruluşçu rejissoru teatrın baş rejissoru, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Sevinc Həsənova, rejissor assistenti Gülnar Hacıyeva, musiqi tərtibatçısı İradə Muradovadır.
Yaşı 16-dan yuxarı tamaşaçılar üçün nəzərdə tutulan səhnə əsəri milli, irqi, dini mənsubiyyətindən, sosial mənşəyindən asılı olmayaraq hər bir millətin və hər kəsin başına gələ biləcək hadisələri əks etdirir...
Açılışdan sonra teatrın kollektivi mövsümün ilk qastrol səfərini həyata keçirməyi nəzərdə tutur. Qarşılıqlı mədəni əməkdaşlığa dair sazişə əsasən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı 2013-cü il sentyabrın 30-dan oktyabrın 2-dək Rusiya Federasiyası Həştərxan Dövlət Gənc Tamaşaçılar Teatrında, oktyabrın 3-dən 6-dək Kalmıkiya Respublikası Milli Dram Teatrında R.Rzanın “Ana qaz”, L.Nurenin “Müharibə” və P.Züskindin “Kontrabas” tamaşaları ilə çıxış edəcəkdir.
Hazırda teatrda cari repertuarda olan tamaşaların məşqləri gedir.