Görkəmli şəxsiyyətlər

Azərbaycanlı səyyah Hacı Zeynalabdin Şirvani

XVIII əsrin sonu, XIX əsrin əvvəllərində yaşamış məşhur səyyah və coğrafiyaşünas Hacı Zeynalabdin Şirvani 1780-ci ildə Şamaxı şəhərində Axund İsgəndərin ailəsində anadan olub. Beş yaşında ikən valideynləri İraqın Kərbəla şəhərinə köçüb. Zeynalabdin də ilk İbtidai təhsilini burada atasının dərs dediyi mədrəsədə alır. Atası Zeynalabdinin savadından, elmə ciddi-cəhdlə yiyələnməsindən, tərbiyəsindən məmnun idi. Gənc yaşlarından Zeynalabdin dünyanı seyr etmək, karvanlara qoşulub yollara çıxmaq, ölkələri, şəhərləri görmək istəyirdi. O, 1796-cı ildə Bağdada gedərək orada fəlsəfə, tibb, astronomiya və riyaziyyat kimi dünyəvi elmlərə yiyələnir. Ərəb, fars dillərini mükəmməl öyrənir. Bağdad kitabxanalarında səyahətnaməyə aid çoxlu kitablar oxuyur. 


Şərq dünyasından buraya axışıb gələn alimlərlin, ziyarətə gələn zəvvarlarların söhbətləri bu gənc oğlanın təsəvvüründə yeni bir dünya açır. Dünyanı görmək və onun möcüzələri ilə həmyerlilərini tanış etmək elə həmin vaxtdan gənc Zeynalabdinin həyat məqsədinə çevrilir və o, tərəddüd etmədən səyahətə çıxmaq qərarına gəlir.


Zeynalabdin Şirvani ömrünün 37 ilini səyahətdə keçirib. O, 70 min kilometrdən artıq məsafə qət edib, Kiçik Asiyadan, İran yaylasından, Orta Asiya, Ərəbistan və Cənubi Afrika səhralarından, Sudanın meşə və cəngəlliklərindən, Hindistanın tropik meşələrindən, Hind okeanı adalarından keçib, Hindquş, Zarqos, Süleyman dağlarından, Pamirdən adlayıb. Zeynalabdin Azərbaycan, İran, Ərəbistan, Türkiyə, Avropa, Hindistan, Orta Asiya, Afrikanın bir çox vilayətləri və sair yerlər haqqında öz əsərlərində maraqlı məlumatlar verib.


Onun birinci səyahətinin yol xəritəsində bu yerlər göstərilir: Bağdad, İraqi-Əcəm, Gilan, Şirvan, Muğan, Talış, Cənubi Azərbaycan, Xorasan, Herat, Benqal və Qucarat, Hind okeanındakı adalar: Sind və Multan. Sonra dağ yolları ilə Kəşmirə, Müzəffərabada çatır. Geri dönərkən Bədəxşan dağları ilə Xorasana gəlib çıxır. Bir qədər istirahət etdikdən sonra ikinci səyahətə çıxır. Bu dəfə yoluna Şirazdan başlayır. Bəndər-Abbas limanından Hörmüz yolu ilə Yəmənə, sonra Həbəşistan və Sudana, oradan da Ərəbistan yarmadasında olan Ciddəyə gedib çıxır. Sonra Hicaz, Mədinə və Məkkədə olur. Dəniz yolu ilə Misirə, Nil çayı sahillərinə gedir. Misirdən Yaxın Şərqə, Anadoluya, Diyarbəkirə, Qaraman və Aydına keçir. Hacı Zeynalabdinin üçüncü səyahətində Tehran, Həmədan, İsfahan, Şiraz və s. şəhərlərdə olur, Anadolunu, Osmanlı imperiyasının qərb sərhədlərini gəzir, Avropadan Atlantik okeanı sahillərinə gedib çıxır.


Bu səfərlər zamanı xeyli alimlə yaxından tanış olub. Olduğu bir çox ölkələrdə çox böyük hörmətlə qarşılanıb. O, həm də şair olub. “Təmkin” təxəllüsü ilə şeirlər yazıb. Həmin şeirlər onun “Səyahətnamə”lərində yer alıb. Əlyazmaları Tehran kitabxanasında, Britaniya Muzeyində, Parisdə, Sankt-Peterburqda saxlanılır. Hacı Zeynalabdin Şirvaninin “Bustanus-səyahə” və “Riyazus-səyahə” adlı əsərləri məşhurdur.


Hacı Zeynalabdin Şirvani ömrünün son ilini ailəsi ilə birlikdə çıxdığı həcc ziyarətində keçirib. 1838-ci ildə həmin səfəri zamanı Zeynalabdin Şirvani yolda xəstələnib və Middə şəhəri yaxınlığında dünyasını dəyişib. Hacı Zeynalabdin elə oradaca dəfn olunub.


Hacı Zeynalabdin "Riyazüs-səyahət " ("Səyahət bağçası"), " Hədaiqüs-səyahət" ("Səyahət bağları") və " Bustanus-səyahət " ("Səyahət gülzarı") adlı əsərlər yazıb. Bu kitablarda bir çox ölkələrin tarixi, coğrafiyası, etnoqrafiyası, arxitekturası, ədəbiyyatı və görkəmli ictimai xadimləri barədə dəyərli məlumatlar verib.