Şeirlər

Hüseyn Arif. "Olsun"

Elə istəyərdim əziz günümdə,
Qapımı dəstəylə açanlar olsun.
Oturaq üz-üzə, qabaq-qabağa
Dillənən saz olsun, ötən tar olsun.

 

Qızışa çal-çağır, qızışa meydan,
Sağlıqlar uzana sökülüncə dan.
Bir könül dostu da çıxmaya yaddan,
Yaxınlar, uzaqlar bərqərar olsun.

 

Qızıl çıraqlardan şəfəqlər saçaq,
Sevincdən çağlayıb, fərəhdən uçaq.
Dəli Alı kimi süfrələr açaq,
Ələsgər dililə eldə car olsun.

 

Görüşüb cəmləşək toyda, büsatda,
Ömrə qənimətdir hər xoş saat da.
Ünsiyyət sözü var bir də həyatda,
Bu söz nəsillərə yadigar olsun.

 

Yüz kənddən, şəhərdən qonağım gələ,
Gül gülə qoşula, bülbül bülbülə.
Ey Hüseyn Arif nə çıxar belə,
Ürək geniş olsun, otaq dar olsun.