Təbiət

Soxulcanlar

Torpaqların tarixində soxulcanların payına ilk baxışda göründüyündən daha böyük iş düşür. Demək olar ki, bütün rütubətli ölkələrdə yağış qurdları çoxluq təşkil edirlər və öz bədənlərinin həcminə görə onların əzələ gücü çox böyükdür. Qurdlar çox böyük əzmlə torpağı bitkilərin artması və çoxalması üçün, cürbəcür əkinlər üçün işləyib hazırlayırlar. Onlar mütəmadi olaraq torpağı havanın təsiri altında elə ələyirlər ki, tərkibində onların uda biləcəkləri heç bir daş hissəsi də qalmır. 

 


Soxulcanlar hamısını əməlli-başlı elə qarışdırırlar ki, elə bil bağbanlar torpağı ən incə, ən zərif bir bitki üçün işləyib hazırlayırlar. Belə vəziyyətdə torpaq özündə nəmliyi çox gözəl saxlayır və bütün duru məhlulları özünə yaxşı çəkə bilir və bu da selitranın (bitki üçün gübrə) əmələ gəlməsinə bərabərdir.

 


Soxulcanlar dartıb gətirdikləri yarpaqları qida kimi istifadə edir, əlavə olaraq onları xırda-xırda doğrayıb liflərə çevirirlər, bir hissəsini isə öz orqanizmlərində həll edib, bağırsaqlardakı duru məhlullarla birləşdirib torpağa qarışdırırlar. Bunun sayəsində torpağın bütün üst qatını örtən tünd rəngdə yağlı çürüntü aydın şəkildə görünür.

 


 

Bunu təsəvvür etmək çətindir ki, qaratorpağın bütün üst qatı soxulcanların bədənindən keçmişdir və bu hər 2 ildən bir belə olacaq. Kotan insanların ən qədim və ən qiymətli kəşfidir, lakin onun meydana gəlməsindən daha əvvəl soxulcanlar torpağı çox səliqə ilə şumlayırdılar və bundan sonra da torpaq  həmişə onunla şumlanacaq. Torpağın tarixində bu qədər vacib rol oynayan və belə  mütəşəkkil surətdə işləyən ikinci bir heyvan tapmaq çox çətindir.