Görkəmli şəxsiyyətlər

Doris Lessinq

İngilis yazıçısı Doris Lessinq (Doris May Tayler)  1919-cu ildə oktyabrın 22-də İranın Kirmanşah şəhərində anadan olub. Valideynləri əslən ingilis olan Dorisin atası I Dünya müharibəsində yaralandıqdan sonra İranda işləməyə başlayıb. Anası isə tibb bacısı idi.

 

1925-ci ildə ailəsi ilə birgə Afrika qitəsindəki ingilis müstəmləkəsinə – Cənubi Rodeziyaya (indiki Zimbabve) köçüb. Kilsə məktəbində təhsil alan Doris rahiblərin sərt, kobud davranışlarına görə məktəbdən get-gedə soyutmağa başlayıb. 13 yaşında olarkən təhsilini yarımçıq qoyub. Sonrakı biliklərini isə mütaliə və şəxsi təhsil yolu ilə təkmilləşdirib. Erkən yaşlarında iş həyatına başlayıb, xəstə baxıcısı, telefon stansiyasının operatoru olub. 
 
 
15 yaşında olarkən ailəsinin yanından ayrılıb başqa yerdə yaşamağa başlayan Doris  hər zaman erkən yaşda evliliyə, qadınların hüquqlarının tapdalanmasına qarşı çıxırdı. Ancaq özü də ilk evliliyini 19 yaşında olarkən edir.
 
 
1949-cu ildə Cənubi Rodeziyanı həmişəlik tərk edib, Londona köçüb. Rodeziyada yaşadığı dövrdə Doris Lessinq iki dəfə evlənir.  Yazıçı kimi tanındığı Lessinq soyadı ona milliyyətcə alman olan ikinci həyat yoldaşından qalmışdı. 
 
 
Əsərlərini yazmağa 1930-cu ilərin sonlarında başlayan Doris Lessinqin ilk romanı olan “The Grass is Singing”(“Otlar oxuyur”) 1949-cu ildə nəşr olunub. Doris Lessinq zaman keçdikcə ən yaxşı yazıçılar sırasına girməyə başlamışdır. 
 
 
Mövzu və janr baxımından Doris Lessinqin yaradıcılığı rəngarəngdir. O, çoxsaylı romanlarla yanaşı dörd səhnə əsərinin, bir neçə hekayələr kitabı və publisist yazıların müəllifi olub.
 
 
Daha sonra  "Marta Kvest" (1952), "Sərfəli nikah" (1954), "Tufandan sonra sürüşmə" (1958), "Qurunun əhatəsində" (1966) və "Dörd qapılı şəhər" (1969) romanlarından ibarət "Zorakılıq övladları" adlı silsilə romanlarını tamamlayıb. 
 
 
Doris Lessinqi  məşhurlaşdıran isə "Qızıl gündəlik" (1962) romanı olub. Yazıçıya görə bu əsərin əsas mövzusu sadəcə qadının deyil, şəxsiyyətin cəmiyyətdəki hüquqlarıdır.
 
 
Doris Lessinq Londonun inqilabi əhvali-ruhiyyəli gəncliyinin həyatından bəhs edən "Yaxşı terrorçu" (1985), əqli cəhətdən zəif uşaq haqqındakı "Beşinci övlad" (1988) romanlarının da müəllifidir. Yaradıcılığında yaranmış səkkiz illik fasilədən sonra yazıçının "Yenə məhəbbət" (1996), "Mara və Den" (1999), habelə "Beşinci övlad"ın davamı kimi düşünülmüş "Atılmış Ben" (2000) romanları çap olunub. 80-ci illərdə yazdığı iki romanı müəllif oxuculara Ceyn Comers təxəllüsü ilə təqdim edib.
 
 
Uzun və məhsuldar yaradıcılığı nəticəsində Avropanın bütün əsas ədəbi mükafatlarını qazanan Doris Lessinq 2007-ci ildə "epik əsərlərinin qadın təcrübəsindən doğan ehtiras, şübhə və və gələcəyi görmə xüsusiyyətlərinə görə" öz zəngin kolleksiyasına Nobel mükafatını da əlavə edib.
 
 
"Nənələr" adlandırdığı sonuncu hekayələr kitabını isə 2003-cü ildə Londonda çap etdirib.
 
 
Doris Lessinq 2013-cü ildə noyabrın 17-də Londonda vəfat edib.