Bu maraqlıdır!

Poçtalyon Ferdinand Şevalın “İdeal saray”ı

Dünyada bir çox maraqlı saraylar var. Ancaq haqqında danışacağımız sarayın digərlərindən fərqi memarlıq təhsili olmayan poçtalyon tərəfindən inşa edilməsidir. Fransız poçtalyon Ferdinand Şeval 1836-ci ildə Fransanın Şarm  kəndində, kasıb bir ailədə anadan olub. 13 yaşında məktəbi tərk edir və poçtalyon olur. Saray fikri elə poçtalyon işləyərkən ağlına gəlir.


Belə ki, bir gün ayağına dəyən və hətta onu yıxan gözəl daşı yerdən götürür, cibinə qoyur.


Səhəri gün yenə də bir neçə gözəl daş toplayır. Əvvəl cibinə, sonra səbətə daha sonra isə arabaya yığmağa başlayır. Beləliklə, 33 il boyunca poçt gəzintisi zamanı topladığı müxtəlif formalı daşları evə gətirir, qonşularının tənqid və istehzalarına baxmayaraq, neft lampası işığında öz sarayını tikir. 


 “İdeal Saray” (the Palais Idéal) adını verdiyi memarlıq nümunəsinin tikintisinə1879-cu ildə tikintisinə başlayır. İdeal Saray dörd ayrı fasaddan və şah əsərdən ibarətdir. Poçtalyon kitablardan oxuduğu, poçt kartlarında gördüyü şəkilləri, 5 qitədəki mədəniyyətləri, dinləri (xristianlıqdan tutmuş buddizmə kimi), fil, ayı, quş kimi bir çox heyvanın,  div ve pərilər kimi fantastik məxluqların hər birini fasadlarda təsvir edir. Əsərinin ana fikrini vurğulamaq üçün Saraydakı məscidin içinə “İnsanlar arasındakı qardaşlıq” cümləsini yazır.


Heç bir kömək olmadan, təkbaşına sarayın tikintisinə şərq fasaddan başlayır. 20 ilə bitirdiyi bu fasada “Yaşam Qaynağı” adı verdiyi bulaq da tikir.  Bulaq iki ilə tikilir. Bulaqdan sağda ikinci “St. Amadeus’un Mağarası” adlı əsəri tikir. Şərq fasadının mərkəzinə isə “fironlar kimi” basdırılmağı istədiyinə görə iki tağlı Misir məbədi inşa edir. Ancaq qanuna əsasən orada basdırılmağa icazə verilmir.  Məbədi oyuqlar və paqodalarla bəzəyir. Məbədin gözətçisi olaraq 3 nəhəng heykəli tikir. Divlərin arxasındakı oyuqlara isə daş yığdığı “Ən sadiq dostum” dediyi əl arabasını qoyur. Şərq fasadının ən önəmli abidələrindən biri də “Barbarlıq Qülləsidir”. Qüllə bulaq üçün çən funksiyasını daşıyır və onu doldurur. Ferdinand öz qaranlıq duyğularını şimal fasadında ortaya çıxarıb. Qərb fasadında Ferdinandın universal düşüncəsinin əks olunması daha aydın görünür: Hindu məbədi, İsveçrə dağ evi, Cəzayir evi, orta əsr qala və məscid.


Qalanın divarlarında Ferdinandın aforizmləri yazılıb. Biri belədir: “1879-1912, 10000 gün, 93000 saat və 33 il çətin əmək. Kim düşünürsə ki, daha yaxşısını edə bilər, buyursun etsin”.
Cənub fasadında, Ferdinand istifadə etmək niyyətində olduğu daşları topladığı və ya saxladığı bir muzey var. Saray tikintisi davam etdiyi bir vaxtda, 1894-cü ildə 15 yaşlı qızı Alis ölür. İki ildən sonra o, 60 yaşında təqaüdə çıxır, bənnanın köməyi ilə sarayın yanında qızına həsr etdiyi,  Alisin villası (the Alicius Villa) adlı ikinci layihəsini tikir. Bina 1912-ci ildə bitənə kimi başqa bir faciə-oğlu Sirilin (Cyril) və iki il sonra isə həyat yoldaşının ölümü ilə üzləşir. Sarayda basdırılmağa icazə ala bilmədiyinə görə 8 il ərzində Hauterives məzarlığında, özünə “Səssizlik və Sonsuz İstirahət” (The Tomb of Silence and Endless Rest) adlı məzar inşa edir. Sərdabənin inşası 1922-ci ildə bitir.


O, 19 avqust 1924-cü ildə, 88 yaşında vəfat edir və öz sərdabəsində dəfn edilir. 


Fransanın şərqində Hauterives adlanan yerdə tikilən poçtalyon Şevalın İdeal Sarayı və  “Səssizlik və Sonsuz İstirahət” adlı məzarı1969-cu ildə rəsmən tarixi abidələr kimi qeyd ediliblər.


Hal-hazırda bu sarayda məhşur müğənnilərin konsertləri və sərgilər keçirilir.