Nağıllar, hekayələr

"Qarı və pişik"

Firudin bəy Köçərlinin “Balalara hədiyyə” kitabından

Bir gün bir qarı inəyini apardı suvarmağa. İnək buzun üstündən sürüşüb yıxıldı və qıçı sındı. Qarı buza dedi:
- A buz, sən nə güclüsən?
Buz cavabında dedi:
- Əgər mən güclü olsaydım, günəş məni əritməzdi.
Qarı dedi:
- A günəş, sən nə güclüsən?
Günəş cavabında dedi:
- Əgər mən güclü olsaydım, bulud qabağımı kəsməzdi.
Qarı dedi:
- A bulud, sən nə güclüsən?
Bulud dedi:
- Mən güclü olsaydım, yağış məndən yağmazdı!
Qarı dedi:
- A yağış, sən nə güclüsən?
Yağış dedi:
- Mən güclü olsaydım, ot məndən bitməzdi.
Qarı dedi:
- A ot, sən nə güclüsən?
Ot dedi:
- Mən güclü olsaydım, qoyun məni yeməzdi!
Qarı dedi:
- A qoyun, sən nə güclüsən?
Qoyun dedi:
- Əgər mən güclü olsaydım, qurd məni yeməzdi!
Qarı dedi:
- A qurd, sən nə güclüsən?
Qurd dedi:
- Mən güclü olsaydım, it məni boğmazdı.
Qarı dedi:
- A it, sən nə güclüsən?
İt dedi:
- Əgər mən güclü olsaydım, çoban məni döyməzdi.
Qarı dedi:
- A çoban, sən nə güclüsən?
Çoban dedi:
- Mən güclü olsaydım, xanım məni söyməzdi.
Qarı dedi:
- A xanım, sən nə güclüsən?
- Xanım dedi:
- Əgər mən güclü olsaydım, siçan torbalarımı kəsməzdi.
Qarı dedi:
- A siçan, sən nə güclüsən?
Siçan dedi:
- Əgər mən güclü olsaydım, pişik məni yeməzdi!
Qarı dedi:
- A pişik, sən nə güclüsən?
Pişik iki əlini qabağa, iki ayağını dala qoyub, gərdənini çəkib, quyruğunu qalxızıb, gözlərini bərəldib, dilini çıxarıb, qarıya dedi:

Güclüyəm ha, güclüyəm,
Dəmir daraq dişliyəm.
Yük üstü yaylağımdır,
Yük altı qışlağımdır.
Kürsü üstə duraram,
Bığlarımı buraram...