Nağıllar, hekayələr

Xavər Zahir. “İşıq”

Hər tərəf mavi idi. Yuxarı da, aşağı da, sağ da, sol da. Günəşin dərinlikləri yarıb keçən şüaları ətrafdakıların pulcuqlarında əks olunaraq əsrarəngiz parıltı yaradırdı. Rəngarəng yosunlar isə elə düzülmüşdülər ki, sanki göy qurşağının dənizin altındakı əkizinə baxırdın... Hər kəs öz işindəydi. Qanadlı balıq üzgəclərini açaraq yavaş-yavaş “yeriyirdi”. Xırda, sarımtıl dəniz atları ağacşəkilli yosunlardan seçilmirdi. Səkkizayaq yapışdığı qayanın rəngini alaraq ovunu gözləyirdi. Qoca su tısbağası fikirli-fikirli harasa üzürdü. Şəffaf meduzalar, alabəzək kəpənək balıqları, işıq saçan mərcanlar bu aləmə qeyri-adi gözəllik verirdi.

 

Bu mavi ənginlikdə, nadir möcüzələr diyarında Onlar qrup ilə yaşayırdılar. O da siyənək qrupunun bir üzvü idi. Gümüşü, xırda pulcuqları olan bir siyənək... İndi onlar  elə hərəkət edirdilər ki, elə bil dənizin dibində müxtəlif istiqamətlərdə işıq dalğaları yayılırdı. O, belə cəld, həm də kəskin istiqamət dəyişikliyini anlamırdı, sadəcə dəstəyə uyğun olaraq yerini dəyişirdi. Anlamırdı, çünki çox balaca idi. Bilmirdi ki, ciddi təhlükə qarşısındadır. Bilmirdi ki,  köpək balıqlarıdır onları belə təşvişə salan. Özü də çəkicbaşlı köpək balıqları...

 

Bəxtləri gətirmişdi. Bu dəfə də sağ qala bilmişdilər. O isə balaca olsa da, artıq başa düşmüşdü ki, “ova” çevrilənə qədər bu cür həyat keçirəcək, yəni həmişə qorxu və təlaş içində yaşayacaqdı...

 

Qərara gəlmişdi ki, onsuz da sonu delfinin, ya da köpək balığının “qarnı” olan həyatına bir maraq qatsın. Balacanın diqqətini çoxdan – hələ sürü ilə üzməyə  başladığı vaxtdan bəri  uzaqlardan, yuxarılardan görünən “işıq topası” çəkmişdi. Qəribə idi, bu istilik verən, parlaq “işıq topası”nı həmişə eyni yerdə görürdü. Bəzən qrupdan ayrılıb girdə, göz qamaşdıran, şüaları pulcuqlarını oxşayan, yuxarılardan zər tökən bu “topa”ya  tərəf üzürdü. Yaxınlaşdıqca da müxtəlif səslər eşidirdi. Getdikcə səslər çoxalır, sanki onu çağırırdı. Oraya can atsa da, qorxurdu. Eşitmişdi ki, ora heç də təhlükəsiz deyil. Hər an ovlanmaq olar. Həmin yerdə delfinlər tez-tez siyənək ovuna çıxırdılar.


        
Neyləsin axı?.. Bir gün marağı ona üstün gəldi. Onu – sevimli “işıq topası”nı görməliydi. Fikirləşdi ki, bəlkə elə yumru dostu da onu gözləyir... Həm də istəyirdi ki, ondan adını soruşsun. Elə hey düşünürdü ki, məhz onun istilik verən şüaları dəstənin  içində olsa da, onu digər balıqlardan ayırır, xüsusi nəvazişlə sığallayır, onu çağırır...

 

Qəti qərara gəldi. Bu gün dəstədən ayrılıb düz “onun” yanına üzəcəkdi. Gizlən-qaç oynayan dostunu görəcək, pulcuqlarının necə par-par yandığını göstərəcəkdi. Lakin elə bunlar fikrindən keçirdi ki, birdən bütün dənizi qaranlıq bürüdü. İndiyə qədər belə şey görməmişdi. Çünki dostunun şüaları soyuyan kimi onlar da yosunların arasına çəkilirdilər. Bir də “onun” ilk şüaları ilə yuvalarından çıxırdılar... Mavi sular tündləşdi. Ətrafdakı bütün balıqlar tez-tez müxtəlif tərəflərə üzməyə başladılar. O isə həm təəccübdən, həm də həyəcandan hansı tərəfə üzəcəyini bilmirdi. Yuxarıda nəsə baş verirdi...


        
Okean təlatümə gəlmişdi. Balaca siyənəyin ilk ağlına gələn bu oldu ki, “dostunu” oğurlayıblar. Birdən daha heç vaxt onu görə bilməsə necə olacaq? Bu, delfinin, yaxud köpək balığının “qarnı”ndan da pis olardı... Siyənək dəstəsi artıq uzaqlaşmışdı. O isə yaşadığı mavi suları gözəlləşdirən, ətrafı bu tündlükdən qurtarıb rəngdən-rəngə salan, yeknəsək həyatına maraq qatan qayğıkeş “işıq topası”nı darda qoya bilməzdi. Odur ki, var gücü ilə heç nə fikirləşmədən yuxarıya doğru üzməyə başladı. Suyun rəngi açılsa da hələ işıq görünmürdü. Çox uzaqlaşmışdı, buranı da tanımırdı. Sonra qaraltılar göründü. Diqqətlə baxanda başa düşdü ki, ətrafında üç köpək balığı var. Demək olar ki, lap yaxınlaşmışdılar... Bu anda, bu səssizlikdə balaca balığın ürəyinin sürətlə döyünməsi onu ələ verə bilərdi. Belə vəziyyətdə o yalnız bir şeyə təəssüf etdi. “Dostunu görmədən bu üç nəhəngdən birinin “qarnını” görəcəkdi. Artıq ümidini itirmişdi ki, kəskin işıq şüaları okeanın tünd sularını yarıb keçərək düz başının üzərində parladı. Gözlərinə inanmadı, yuxarı baxdı. “Girdə işıq topası”nın bir az da böyüdüyünə, lap yaxında olduğuna sevindi. Var gücünü toplayıb suyun üzünə çıxmışdı ki, gözləri qamaşdı. İndi səsləri də aydınca eşidirdi.


      
Bu an uzaqdan suyun səthinə çıxmış delfin dəstəsini gördü. Bu təhlükə idi. Sevinci, təəccübü, həyəcanı bir-birinə qarışdığından bunun fərqinə varmamışdı. Son xatırladığı isə özü də bilmədən siyənəklərin içinə qarışarkən “dostunun” ona gülümsəməsi idi...

 

O, buna qane olmuşdu. Artıq isti, işıqlı “dostu” onu heç vaxt tək qoymayacaqdı. Adını soruşa bilməmişdi, amma eşitdiyi səslərin ağ-qara albatroslara aid olduğunu öyrənmişdi. Bir də əmin olmuşdu ki, hər qaranlığın arxasında təsəvvürə gəlməz bir işıq var...O da dostun işığı...