Xəbərlər

Dövlət Müstəqilliyi Gününə həsr olunan sərgi: “Zirvələrə doğru”

18 oktyabr-Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə əlaqədar  “Zirvələrə doğru” adlı yaradıcılıq sərgisi keçirilib.


Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildiriblər ki, paytaxt məktəbliləri və müəllimlərin əl işlərindən ibarət sərgidə Nəsimi Rayon İcra Hakimiyyətinin, BŞTİ-nin və Azərbaycan Rəssamlar İttifaqının nümayəndələri, Xətai Sənət Mərkəzinin direktoru, BŞTİ-nin tabeliyindəki 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin rəhbərliyi və şagirdlər iştirak ediblər.


Xətai Sənət Mərkəzində təşkil olunan tədbirdə 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Könül Mustafayeva iştirakşıları Azərbaycan tarixinin ən mühüm günlərindən biri olan Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik edib, müstəqilliyin bərpasından sonra ölkəmizin keçdiyi inkişaf yolundan, qazandığı uğurlardan danışıb.


Çıxış edənlər o dövrün tarixi-siyasi şəraitinə nəzər salaraq, xalqımızın milli istiqlal uğrunda apardığı mübarizələrdən danışıb və XX yüzilliyin  xalqımızın yaddaşında dövlətçilik, müstəqillik, ərazi bütövlüyü uğrunda mübarizə əsri kimi qaldığını bildiriblər. Qeyd olunub ki, “Azərbaycanın dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul edildiyi gün,1991-ci il oktyabrın 18-i xalqımızın tarixinə şərəfli və əlamətdar səhifə kimi yazılıb. Qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərqərar olduğu və bütün sahələrdə uğurlu islahatların həyata keçirilməsinə zəmin yaradıldığı barədə danışılıb. Ümummilli Liderin Azərbaycanın zəngin, qüdrətli ölkəyə çevrilməsinə yönəlmiş müdrik siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən yeni müstəvidə uğurla davam etdirildiyi diqqətə çatdırılıb.


Daha sonra 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən təşkil oluan sərgiyə baxış keçirilib, Rəssamlar İttifaqı tərəfindən müəllim və şagirdlərə diplom və sertifikatlar təqdim edilib.


Sərgi 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinin musiqi və rəqs nömrələri ilə davam etdirilib.


Sərgidə 30 əl işi və 90 rəsm nümayiş olunub.