Təbiət

Ağ Honduras yarasası

Ağ Honduras yarasası (Ectophylla alba), qar bəyazı kürkü, sarı qulaqları və burnu olan Ectophylla cinsinin yeganə üzvüdür. 

 

Elmi olaraq ilk dəfə 1892-ci ildə adı qeydə alınıb. Elmə 1300 növ yarasa məlumdur. Bunlardan ikisi-Şimali Kabus yarasası və Ağ Honduras yarasası ağ kürkə sahib olan yeganə növlərdir. Bu yarasalar Honduras, Nikaraqua, Kosta Rika və Panamanın qərbində, dəniz səviyyəsindən 1700 m yüksəklikdə olan ərazilərdə yaşayırlar. Uzunluqları təxminən 3-5 sm, ağırlığı isə 5-6 qram olan çox kiçik yarasa növləridir. 

 

Mərkəzi Amerikanın yağışlı meşələrindəki çox ağaclı ərazilərdə, boş bina və ağac koğuşlarında və ya tərk edilmiş banan tarlalarında yaşayırlar.


Əsasən meyvə yeyirlər. Baharın əvvəllərində bir bala verirlər. Bir çox yarasaların mağaralarda yaşadığı fikrinin əksinə, Honduras yarasaları ətraflarındakı şeyləri öz yararlarına uyğun hala salmağı sevirlər, ona görə də  böyük helikonya (Heliconia) bitkisinin yarpaqlarından çadıra bənzər bir yuva düzəldirlər. 

 

Bunun üçün yarpağın böyük damarlarından çıxan yan damarları dişləri ilə kəsir və beləliklə yarpaq gövdə boyunca aşağı əyilərək çadır yaradır. Sonra isə onlar, hər qrupda 6 yarasa olmaqla birləşirlər və yarpağın altında başları aşağı vəziyyətdə düzülürlər. Daha böyük qrupların olduğu da qeydə alınmışdır. 

 

Ağ kürklərinin olmasının avantajı da var. Belə ki, günəş işığı yarpaq boyunca keçər, və yarasalar yaşıl rəngdə görünərlər. Beləliklə aşağıdan baxan ovçular tərəfindən görünməzlər. 

 

Sayları azalmağa başladığından, nəsli tükənmə təhlükəsi altında olduğundan Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyinin (The International Union for Conservation of Nature) Qırmızı Kitabına düşmə ehtimalı vardır.