Bayatılar

Bayatılar

Əzizim, Ordubada,
Səlmasdan Ordubada.
Sərkərdə qoçaq olsa,
Heç verməz ordu bada.

 

Yol vermə yada, Təbriz,
El gedər bada, Təbriz.
Sənin həsrətindəyəm,
Can sənə fəda, Təbriz.

 

Əzizinəm Qarabağ,
Şəki, Şirvan, Qarabağ.
Tehran cənnətə dönsə,
Yaddan çıxmaz Qarabağ.

 

Gəl məni bəndə atma,
Xoydan Mərəndə atma.
Hamı üz döndəribdi,
Rəhm elə, sən də atma.

 

Burdan uzaq Gəncədir,
Gülü pəncə-pəncədir.
Ölüm allah əmridir.
Ayrılıq işgəncədir.