Bayatılar

Oxşamalar

Alnı Cıdır meydanı,
At minib çapasım gəlir.
Burnu Gilan fındığı,
Soyub yeyəsim gəlir.


Gözləri qaynar bulaq,
Əyilib içəsim gəlir.
Dişləri inci, muncuq
Yaxama düzəsim gəlir.


Qolları Təbriz şalı,
Boynuma sarasım gəlir.
Ay ellər, bu balanı,
Qucub öpəsim gəlir.

 

Dağda darılar,
Sünbülü sarılar.
Qoca qarılar,
Bu balama qurban.

 

Dağın maralı,
Otu saralı.
Dünyanın malı
Bu balama qurban.

 

Qızım qızlar içində,
Əyrisi yox qıçında.
Qızıma elçi gələr,
Xanlar, bəylər içində.

 

Atın, tutun bu uşağı,
Şəkərə qatın bu uşağı.
Atası evə gələndə
Qucuna atın bu uşağı.

 

Başına dönüm, döndərim,
Səni məktəbə göndərim.
Sən məktəbdən gələndə,
Bir cüt qurban göndərim.