Görkəmli şəxsiyyətlər

Duqlas Adams

Böyük ingilis yazıçısı, dramaturqu, ssenaristi, bir çox yumoristik, fantastik əsərlərin müəllifi Duqlas Noel Adams 1952-ci ildə martın 11-də Böyük Britaniyanın Kembric şəhərində anadan olub. O, Brentvudda məktəbə gedib və sonra kollecdə oxuyub. 1974-cü ildə bakalavr, daha sonra magistr təhsili alıb. Onun ixtisası ingilis ədəbiyyatı olub.
 
1982-ci ildə D.Adamsın kitabları ilk dəfə “Nyu York Tayms” qəzetində “Ən yaxşıların yaxşısı” siyahısına daxil edilib. O, belə böyük bir uğura ilk dəfə böyük ingilis yazıçısı Yan Fleminqdən sonra nail olub. 1984-cü ildə D.Adamsın Con Loydla birlikdə “Lifin mənası” adlı kitabı çapdan çıxıb, böyük uğur qazanıb. Buna görə də 1990-cı ildə kitabın ikinci hissəsi nəşr olunub.
 
1987-ci ildə D.Adams başqa janrlarda da özünü sınayıb. O, mistik, dedektiv, yumor janrının qarışığı kimi “Dedektiv Dirk Centliyinin agentliyi” kitabını yazıb. Kitab elə də böyük nailiyyət qazanmasa da, 1988-ci ildə kitabın ikinci hissəsi “Uzun çay süfrəsi” adı ilə nəşr edilib. D.Adams 1990–cı ildə nəsli kəsilməkdə olan heyvanlar haqqında “Görmək üçün son şans” kitabını yazıb. D.Adams, həmçinin bir çox kompüter oyunlarının müəllifi kimi tanınıb.
 
D.Adams 2001-ci il mayın 11-də ürək çatışmazlığından 49 yaşında Santa-Barbarada, evində vəfat edib.