Bu maraqlıdır!

Efiopiyanın heyrətamiz Dallol vulkanı

Efiopiyada yerləşən rəngli Dallol vulkanını və ətrafındakı canlı qaynar suları görmək sizə başqa bir planetdə olduğunuzu hiss etdirə bilər. Yerdəki vulkanlara oxşamayan görkəminə görə onu Yupiterin İo peykinə bənzədirlər.

 

Dallol vulkanı Danakil çökəkliyində, dəniz səviyyəsindən 130 metr aşağıda yerləşir və quruda yerləşmiş ən dərin vulkan hesab olunur. Bu ərazi illik orta temperaturun çox yüksək olması ilə fərqlənir. Bu ərazi planetin təcrid olunmuş bir yeri kimi fəaliyyət göstərir. Bura haqqında məlumatı karvan yolları ilə duz dalınca gedənlər gətirirdi.

 

Dallol Vulkanı, digər yaxınlıqdakı vulkanlar kimi, məşhur Şərqi Afrika Rift Vadisində bir-birindən ayrı hərəkət edən Ərəbistan və Afrika plitələrinin sərhədində meydana gəlib. Bu hissədə yer qabığı nisbətən incədir, bu da öz növbəsində vulkan püskürmələrinə şərait yaradır. Dallolun son püskürməsi 1926-cı ildə baş verib.

 

Dallol vulkanının kraterinin inanılmaz parlaq rənglərdə olması - kükürdün digər minerallarla yaratdığı kombinasiyanın nəticəsidir. Vulkan lavasının tərkibi kükürd və andezitdən ibarətdir. Son püskürmə nəticəsində əmələ gələn gölün suyunun rəngi bənövşəyi-sarı rəngdədir. Bunun səbəbi kükürdün digər minerallar ilə qarışmasıdır.

 

Yeri gəlmişkən, Dallolun kükürd yataqları çox qəribə görünüşə malikdir, bəziləri kiçik sütunlara çevrilib və hündürlüyü hətta bir metrə çatır.

 

Zəhərli qazlar tez-tez Dallolun fumarollarından (isti qazların mənbəyi rolunu oynayan vulkandakı deşiklər) sərbəst çıxır. Bu səbəbdən kraterin ətrafında zəhərlənmiş kiçik heyvanların cəsədlərinə tez-tez rast gəlinir.