Təbiət

Alpaka

Qədim inklər bizim eradan təxminən 500 il əvvəldən alpakanı əhliləşdiriblər. Məqsəd onun ətindən, südündən və yunundan istifadə etmək olub. Hətta alpakanın peyini də inklərin yurd yerlərini qızdırmaq məqsədilə istifadə edilib. Alpaka “inklərin qızılı” adını təsadüfən almayıb. Qədim hindlilər də alpakaları eyni məhəbbətlə seviblər. Alpaka yunu yunlar şahıdır, desəm, yəqin ki, etiraz edən olmaz. Qoyun yunundan yüngül, dəvə yunundan isti və rəngarəng... Alpaka yununun 24 rəng çaları var.

 

Qədim inklərdə Alpaka yunundan hazırlanmış geyimi yalnız hökmdarlar geyinərdi. Alpaka yunu bədəni qaşındırmır, ona rahatlıq verir. Bu yundan hazırlanmış geyimdə olan insan ətirdən istifadə etməsə də olar. Çünki yunun ən bahalı fransız ətirlərindən də gözəl ətri var. Onun qabaq dişləri heç olmayıb. Anadangəlmə. Qidanı dodaqları ilə götürüb, ovurdlarına ötürür və çeynəyir. Özü də ən çox sevdiyi qida tikanlı ot, qupquru samandır. O, qurmandır. Ən nadir ağacların yaşıl zoğları onun sevimli yeməyidir. Alpaka hər şeyi öyrənməyə can atır, ağıllı, xeyirxah və olduqca mədənidir.

 


Avropada alpaka böyük hörmətə malikdir. Alpakasevərlər klublarında bu heyvanın pərəstişkarları toplanıb. Onlar bir-biri ilə mühüm məlumatları bölüşür, bu ekzotik heyvanın qidalanması, müalicəsi, bəslənməsi haqqında seminarlar keçirir, veterinar tövsiyələrini dinləyirlər. Yüksək cəmiyyət üzvləri onu saxlamağı özlərinə şöhrət hesab edir. Alpakanın nəinki əti, südü, yunu qiymətlidir. Bu alicənab canlı ilə ünsiyyət çoxlarının çata bilmədiyi müalicə üsuludur. Mehriban və insansevər, həlim xasiyyətli alpakalarla dostluq autizmli uşaqların müalicəsi üçün əvəzedilməzdir.  Alpakaların iki növü var. Onların hər ikisinin çox şən adı var: Uakaya və Suri. Bu alpaka qardaşlar və yaxud bacılar, bir-birlərindən yununun uzunluğu ilə fərqlənir. Alpakalar əvəzedilməz musiqiçilərdir. O qədər mükəmməl, təsvirəgəlməz səs çıxardırlar ki, bu gözəlliyi yalnız dinləmək lazımdır. Alpaka olduqca zərif canlıdır. Soyuqdan və küləkdən qorxur. Elə bu xüsusiyyət onları əla sinoptik edə bilib. Onlar yağış və külək haqqında hətta sinoptiklərdən də dəqiqliklə xəbərdar edə bilirlər.

 

Onların əcdadı və yaxud ən yaxın qohumu dəvədir. Üzdən bir-birinə çox bənzəyirlər. Amma boy və xasiyyət çox fərqlidir. Hətta uşaq belə alpakanı sevib oxşamaq üçün mütləq diz üstə oturmalıdır. Bir də onlarda heç də dəvə kini yoxdur. Onların qəlbində böyük bir sevgi var.