Xəbərlər

“Sabahın alimləri” yeddinci respublika müsabiqəsi keçiriləcək

Bakı, 7 dekabr, AZƏRTAC

 

“Sabahın alimləri” yeddinci respublika müsabiqəsinin təşkili məsələlərinə həsr olunan görüş keçirib.


Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə müsabiqənin əsas məqsədinin IX-XI sinif şagirdlərinə tədqiqat aparmaq, elmi nailiyyətlərini nümayiş etdirmək imkanı yaratmaq və onların arasından hər il ABŞ-da keçirilən İnteI ISEF-Beynəlxalq Elm və Mühəndislik Sərgisinə qatılacaq namizədləri müəyyənləşdirmək olduğu diqqətə çatdırılıb.


Qeyd edilib ki,  “Sabahın alimləri” yeddinci respublika müsabiqəsi 2018-ci il fevralın 14-dən 16-dək keçiriləcək. Müsabiqənin təşkilatçıları Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Heydər Əliyev Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsidir. Müsabiqə riyaziyyat, fizika, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya, mühəndislik, kompüter kateqoriyaları üzrə təşkil olunur.


Sonra müsabiqənin ötən il qalibi olmuş 299 nömrəli məktəb-lisey şagirdinin işinin təqdimatı keçirilib.


Eyni zamanda, “Sabahın alimləri” müsabiqəsində iştirak və qeydiyyatdan keçmək qaydaları haqqında ətraflı məlumat verilib.